AZ

İran zənginləşdirilmiş uranı Çinə, yoxsa Rusiyaya verəcək? - ŞƏRH

“İranda zənginləşdirilmiş uran ölkədən çıxarılmadan, yəni bu uran məhv edilmədən və ya başqa formada nəzarət altına alınmadan ABŞ ilə hər hansı anlaşmanın əldə olunması faktiki olaraq qeyri-mümkündür. Çünki Amerikanın əsas tələblərindən biri məhz zənginləşdirilmiş uran üzərində nəzarətin təmin edilməsidir. Bu uran ya məhv edilə, ya da başqa bir ölkəyə verilə bilər. Yalnız bundan sonra İranın mülki nüvə proqramının davam etdirilməsi ilə bağlı müəyyən anlaşmalar üzərində müzakirələr aparılması mümkün görünür. Yəni əsas məsələ məhz zənginləşdirilmiş uranın ölkədən çıxarılmasıdır".

Bu fikirləri politoloq Asif Nərimanlı Redaktor.az-a açıqlamasında səsləndirdi.

Onun fikrincə, hazırkı vəziyyətdə İran iki seçim qarşısındadır:

"Birinci seçim zənginləşdirilmiş uranı Amerikaya təhvil verməkdir ki, Vaşinqtonun əsas istəklərindən biri də budur. Lakin bu addım İran hakimiyyəti üçün faktiki olaraq ABŞ qarşısında geri çəkilmək kimi qiymətləndirilə bilər. Buna görə də ikinci variant Tehran üçün daha məqbul görünür. Söhbət zənginləşdirilmiş uranın üçüncü bir ölkəyə verilməsindən gedir. Burada əvvəldən Rusiya və Çinin adları hallandırılır. Əvvəllər bu məsələdə Rusiya daha prioritet variant hesab olunurdu, lakin mövcud şəraitdə İranın daha çox Çinə üstünlük verməsi istisna deyil. Bu isə Rusiyaya qarşı inamsızlıqdan daha çox hazırkı geosiyasi vəziyyətdə Çinin daha güclü mövqeyə malik olması ilə bağlıdır. İran əgər zənginləşdirilmiş uranı Çinə verərsə, bunun müqabilində həm siyasi, həm də strateji dəstək əldə etməyi düşünür. Bu dəstək danışıqlar prosesində İranın mövqeyinin nəzərə alınması, eləcə də ABŞ qarşısında təhlükəsizlik məsələlərində Çinin Tehrana dəstək verməsi formasında ola bilər. Eyni zamanda İran başqa bir perspektivi də nəzərə alır".

Siyasi şərhçinin sözlərinə görə, Tehran hesab edir ki, zənginləşdirilmiş uranı üçüncü bir ölkəyə verməsi gələcəkdə nüvə proqramını yenidən inkişaf etdirmək və ya nüvə silahı istiqamətində addımlar atmaq istədiyi halda həmin ölkənin dəstəyini qazanmaq baxımından əhəmiyyətli ola bilər.

"Yəni hazırda buna imkan verilməsə də, gələcək üçün müəyyən strateji imkanların saxlanılması düşünülür. Bu baxımdan İranın zənginləşdirilmiş uranı birbaşa ABŞ-yə deyil, daha çox Çinə vermək variantına üstünlük verə biləcəyi ehtimal olunur. Düşünürəm ki, bu yanaşma baxımından məsələyə baxdıqda yayılan xəbərlərin reallığa uyğunluğu daha yüksək görünür. Çünki İran zənginləşdirilmiş uranı ölkədən çıxarmasa, ABŞ və İran arasında hər hansı anlaşmanın əldə olunması çox çətin olacaq. Bunu Tehranda da anlayırlar. İran mülki nüvə proqramını davam etdirmək istəsə belə, ən azı hazırkı mərhələdə zənginləşdirilmiş uranı ölkədən çıxarmağa məcbur qala bilər. Əks halda nə razılaşma əldə olunacaq, nə də regionda gərginliyin azalması mümkün olacaq. Əksinə, belə vəziyyət ABŞ ilə mümkün qarşıdurma riskini daha da artırır və yaxın gələcəkdə daha genişmiqyaslı müharibə ehtimalını gücləndirə bilər. Buna görə də İran zənginləşdirilmiş uranı ölkədən çıxaracağı təqdirdə, Rusiyadan daha çox Çin variantı üzərində dayanması daha real görünür", - deyə A.Nərimanlı yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
24
redaktor.az

1Mənbələr