AZ

"Azərbaycanın beynəlxalq nüfuzu və gənclərin rolu güclənir" - Leyla Həsənova

"Nəqliyyat və logistika mənim daha az işlədiyim sahələrdəndir. Mən daha çox gənclər sektoru və yaşıl enerji sahəsində fəaliyyət göstərmişəm. Bildiyiniz kimi, COP29 ərəfəsində iki il ərzində COP29 üzrə İqlim üzrə Gənclər Çempionu kimi çalışmışam. Bu fəaliyyətin əsas məqsədi gənclərin və uşaqların müxtəlif sahələrdə daha aktiv iştirakını təmin etmək və onların rolunu gücləndirmək idi".

QHT.az xəbər verir ki, bu  fikirləri COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova 2026-cı il mayın 20-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən "Yaşıl təchizat zəncirində yaşıl logistika" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı söyləyib.

Leyla Həsənova bildirib ki, Gənclərin beynəlxalq proseslərə daha geniş cəlb olunması və müxtəlif mövzuların gündəmə gətirilməsi əsas prioritetlərdəndir: "Hazırda da əsas diqqətimiz bu mövzuların gündəmə gətirilməsi və gənclərin proseslərə daha çox cəlb olunmasıdır. Ona görə də, nəqliyyat və logistika mövzusunda həmkarlar daha geniş danışa bilərlər. Mən isə daha çox Azərbaycanın və gənclərimizin beynəlxalq müstəvidə qazandığı nailiyyətlərdən bəhs etmək istərdim".

L.Həsənovanın sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatı Gənclər Təşkilatının formalaşması ölkənin təşəbbüsü ilə beynəlxalq gənclər şəbəkəsinin genişlənməsinə mühüm töhfə verib: "Təmsil etdiyim təşkilat — Qoşulmama Hərəkatı Gənclər Təşkilatı — Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduğu dövrdə yaradılmışdır. Bu təşəbbüs 2019-cu ildə cənab Prezidentin təşəbbüsü ilə şəbəkə formatında formalaşmış, 2022-ci ildən isə artıq rəsmi Gənclər Təşkilatı kimi fəaliyyətə başlamışdır. Təşkilatın ofisi Bakıdadır, lakin biz 121 ölkə ilə işləyirik və onların təxminən 90 faizi Afrika ölkələridir".

O vurğulayıb ki, təşkilatın əsas fəaliyyəti gənclərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş kapasite gücləndirmə təlimlərindən ibarətdir: "Fəaliyyətimiz əsasən gənclərlə kapasite gücləndirmə (capacity building) təlimləri üzərində qurulub. Çünki bir çox ölkələrdə əsas problem təhsilin və bacarıqların kifayət qədər inkişaf etməməsidir. Biz bu boşluğu doldurmaq üçün müxtəlif mövzularda təlimlər təşkil edirik. Azərbaycanda ildə bir neçə dəfə gəncləri ölkəmizə dəvət edərək onlara fərqli sahələrdə bilik və bacarıqlar qazandırırıq ki, onlar da öz ölkələrində bu təcrübəni tətbiq edə bilsinlər".

Leyla Həsənova qeyd edib ki, COP29 Azərbaycanın beynəlxalq imicini gücləndirən və ölkəni qlobal miqyasda daha tanınan edən mühüm hadisə olub: "COP29-a gəldikdə isə, bu tədbir ölkəmiz üçün çox böyük miqyaslı və əhəmiyyətli bir hadisə oldu. COP29 zamanı çox sayda beynəlxalq tərəfdaş Bakıya gəldi və Azərbaycanı daha yaxından tanımaq imkanı qazandı. Əvvəllər insanlar Azərbaycanı xəritədə tapmaqda çətinlik çəkirdilərsə, bu gün artıq ölkəmiz daha tanınan və qəbul edilən bir mərkəzə çevrilib".

Onun sözlərinə görə, COP29 və sonrakı Bakı İqlim Fəaliyyət Həftələri yeni beynəlxalq əməkdaşlıqların, xüsusilə yaşıl enerji sahəsində tərəfdaşlıqların formalaşmasına səbəb olub: "Bu proses nəticəsində biz bir çox beynəlxalq təşkilatlar və donorlarla yeni əməkdaşlıqlar qurduq. Bu əməkdaşlıqlar xüsusilə yaşıl enerji keçidi sahəsində formalaşdı və bu gün də davam edir".

O əlavə edib ki, Bakı İqlim Fəaliyyət Həftələri çərçivəsində gənclərin startap layihələrinin dəstəklənməsi və onların inkişafına şərait yaradılması əsas məqsədlərdəndir: "COP29 çərçivəsində və ondan sonra Bakı İqlim Fəaliyyət Həftələri vasitəsilə biz gənclərin startap layihələrinə, xüsusilə logistika və yaşıl enerji keçidi sahələrində dəstək göstərməyə çalışırıq. Məqsədimiz bu layihələrə həm donor tapmaq, həm də onların inkişafına şərait yaratmaqdır".

Seçilən
20
qht.az

1Mənbələr