AZ

Nazir müavini: “Bakının rolu daha da artır”

“Bakıda keçirilən WUF13 gələcəyə dair güclü inamı əks etdirir: şəhərlər, infrastruktur və əməkdaşlıq artıq gələcək üçün vahid və ortaq gündəmdir. Ümumdünya Şəhərsalma Forumu sabahın urban dünyasının sakit şəkildə formalaşdırıldığı məkandır”. Bu fikirləri Musavat.com-a açıqlamasında Qvineya-Bisau Respublikasının beynəlxalq əməkdaşlıq və icmalar üzrə nazir müavini Fatumata Jau bildirib.

Xanım nazir müavini diqqətə çatdırıb ki, Afrika üçün bu, nəzəriyyə deyil, təcili zərurətdir: “Şəhərlərimiz sürətlə böyüyür və bu proses özü ilə həm imkanlar, həm də ciddi çətinliklər gətirir. Mənzil təminatı, mobillik, iqlimlə bağlı təzyiqlər və bərabərsizlik artıq ayrı-ayrı problemlər kimi deyil, bir-birinə bağlı vətəndaşlarımızın gündəlik həyatını formalaşdıran reallıqlar kimi qəbul olunur. Afrika bu transformasiyanın sadəcə müşahidəçisi deyil. O, bu dəyişikliyin əsas memarlarından biridir. Qvineya-Bisau bu foruma aydın bir mesajla qatılıb: əməkdaşlıq xarici dəstək mexanizmi deyil, bu, inkişaf strategiyasıdır. Məhz bu yolla biz dayanıqlı şəhərlər qurur, institutları gücləndirir və heç bir ölkənin təkbaşına qarşılaşa bilməyəcəyi iqlim və infrastruktur təzyiqlərinə cavab veririk. Münaqişə və həssaslıqdan təsirlənən bölgələrdə sülhə yönəlik iqlim fəaliyyəti ilə bağlı çıxışımda artıq görməzdən gələ bilməyəcəyimiz bir həqiqəti vurğuladım: miqrasiya böhranın uzaq nəticəsi deyil, o, artıq şəhər və sahilyanı reallığımızın bir hissəsidir. Bu proses iqlim təzyiqləri, həssas ekosistemlər, eləcə də insanların dolanışıq və ləyaqətli həyat axtarışı ilə formalaşır”.

F.Jau həmçinin, Bakı Çağırışını reallaşdırmaq üçün təsis olunmuş və milli, regional və beynəlxalq sülh və iqlim təşəbbüsləri arasında birgə fəaliyyət naminə əməkdaşlıq platforması olan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi əhəmiyyəti barədə danışıb.
Xatırladaq ki, sözügedən platforma COP29-da təsis edilib. Məqsəd iqlim dəyişməsinə ən həssas olan, xüsusilə münaqişələr və ciddi humanitar problemlərlə üzləşən ölkələr üçün dəstək və maliyyəni artırmaqla yanaşı, sülhməramlı iqlim fəaliyyətini təşviq etməkdir.

Qvineya-Bisaulu nazir müavini hesab edir ki, Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi kimi təşəbbüslər əhəmiyyətlidir: “Onlar əməkdaşlığın yeni nəslini təmsil edir-iqlim fəaliyyəti, sülh quruculuğu, şəhər idarəçiliyi və miqrasiyanı ayrı-ayrı sahələr kimi deyil, vahid və əlaqələndirilmiş cavab mexanizmi kimi birləşdirən yanaşmanı. Qvineya-Bisau kimi ölkələr üçün bu, abstrakt siyasət deyil. Bu, həssaslıqla dayanıqlılıq, məcburi köçlə imkan, parçalanma ilə ümid arasındakı fərqdir. Bu baxımdan, WUF13-ə aydın baxış, böyük ambisiya və yüksək səviyyəli təşkilatçılıqla ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətini təqdir edirəm. Bakı beynəlxalq əməkdaşlıqda vizyonun icra ilə qovuşduğu zaman nələrin mümkün olduğunu nümayiş etdirir. Qlobal sistemin parçalandığı bir dövrdə bu cür birləşdirici güc hər zamankından daha vacibdir”, xanım nazir müavini vurğulayıb.

Nigar Həsənli
Musavat.com

 

Seçilən
26
musavat.com

1Mənbələr