AZ

Xamenei ABŞ-nin Yaxın Şərqdə əvvəlki mövqeyini itirdiyini bildirib

İranın ali dini rəhbərinin Həcc münasibətilə yayımlanan müraciətində regionda ABŞ hərbi təsirinin zəiflədiyi vurğulanıb...

Poliqon xəbər verir ki, Müctəba Xamenei adından yayılan açıqlamada Yaxın Şərqdə geosiyasi balansın dəyişdiyi və ABŞ-nin regiondakı əvvəlki təsir imkanlarının tədricən zəiflədiyi bildirilib. İranın ali dini rəhbərinin Həcc mərasimi münasibətilə ünvanladığı müraciətdən yayılan hissədə qeyd olunub ki, “tarixin əqrəbi geri dönməyəcək” və region xalqları artıq ABŞ hərbi bazalarının təhlükəsizlik sipərinə çevrilməyəcək.

Müraciətdə vurğulanıb ki, Yaxın Şərq ölkələri və xalqları bundan sonra ABŞ hərbi infrastrukturunun qorunması üçün istifadə olunan geosiyasi dayaq rolunu oynamaq niyyətində deyil. Bildirilib ki, regionda ABŞ üçün “təhlükəsiz məkanların” azalması Vaşinqtonun hərbi mövcudluğu və təsir imkanlarını zəiflədən əsas amillərdən biri kimi qiymətləndirilir.

Açıqlamada həmçinin qeyd olunub ki, ABŞ artıq regionda hərbi bazalar yerləşdirmək və öz strateji məqsədlərini əvvəlki kimi həyata keçirmək imkanlarını itirməyə başlayıb. İran tərəfi hesab edir ki, Vaşinqton hər ötən gün əvvəlki geosiyasi mövqeyindən daha da uzaqlaşır və bu proses geri dönməz xarakter daşıyır.

“Saatın əqrəbi geriyə dönməyəcək və region xalqları və torpaqları artıq Amerika bazaları üçün sipər olmayacaq. Amerika üçün regionda nə cinayət əməllərini həyata keçirmək, nə də hərbi bazalarını təhlükəsiz şəkildə yerləşdirmək baxımından əvvəlki imkanlar qalacaq, o hər ötən gün keçmiş mövqeyindən daha da uzaqlaşacaq”, deyə müraciətdə vurğulanır.

Analitiklərin fikrincə, bu bəyanat İran ilə ABŞ arasında davam edən geosiyasi qarşıdurma fonunda Tehranın regiondakı qüvvələr balansına dair baxışını əks etdirir. Xüsusilə Qəzza müharibəsi, regional təhlükəsizlik böhranları və ABŞ hərbi mövcudluğu ətrafında artan müzakirələr fonunda İran rəhbərliyinin bu cür sərt ritorikası diqqət çəkir.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr