AZ

Azərbaycan taxıl istehsalında niyə geri gedir: korrupsiya, səriştəsizlik, yoxsa...

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Strateji məhsul sayılan buğda istehsalı sahəsində ölkədə vəziyyətin ürəkaçan olmadığını ekspertlər dəfələrlə dilə gətirərək, bu sahəyə məsul olan qurumları və şəxsləri lazım olan tədbirləri görməyə çağırıblar. Mütəxəssislər bəyan edirlər ki, uzun illərdir bu sahənin inkişafı – ölkənin özünü taxılla təmin edə bilməsi üçün dövlət tərəfindən böyük həcmdə vəsait ayrılmasına baxmayaraq, bu sahədə irəliləyiş yoxdur. Əksinə, getdikcə, ölkədə buğda istehsalı daha da aşağı düşür. Təəssüf ki, kənd təsərrüfatı üzrə mütəxəssislərin, ekspertlərin səsləndirdikləri iradları, irəli sürdükləri təklifləri eşidən yoxdur.

Bizimyol.info xəbər verir ki, mayın 25-də Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə buğda istehsalı ilə bağlı vəziyyətdən danışıb.

“Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerimizdə sayırıq”, - deyə prezident müşavirədə çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, bu sahənin inkişafı üçün lazım olan dəstək göstərilir. Buna baxmayaraq, ölkənin özünü cəmi 55 faiz buğda ilə təmin etməsi qəbulolunmazdır və bu göstərici mütləq artmalıdır: “Baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır.

Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”.

Rəsmi statistik rəqəmlərə diqqət yetirəndə görünür ki, zaman keçdikcə bu sahə inkişaf etmək əvəzinə, əksinə, geri gedir. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən görünür ki, 2025-ci ildə Azərbaycanda 1 milyon 609.8 min ton buğda istehsal edilib. Bu isə 2024-cü ilə nisbətən 4.5 faiz azdır.

Ekspertlərin hesablamalarına görə, son 6 il ərzində isə ölkədə buğda istehsalı 560 min ton azalıb.

Taxıl tələbəatını daxili istehsal hesabına ödəməyə nail olmaq, yaxud da idxalı maksumum azaltmaq üçün dövlət 20 ilə yaxındır ki, bu sahəyə dəstək verməyə çalışır. 2007-ci ildən etibarən taxıl istehsalına dəstək məqsədilə subsidiyaların verilməsinə başlanılıb. İndiyədək 100 milyonlarla vəsait ayrılıb. Nəticə isə budur ki, ölkə taxıl tələbatının təxminən yarısı ilə özünü təmin edə bilir, qalanını xaricdən almaq məcburiyyətindədir.

Bu qədər dəstəyin qarşılığında niyə belə bir vəziyyət yaranıb?

Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmlinin fikrincə, səbəbi ilk növbədə ölkədə kənd təsərrüfatına rəhbərlik edən şəxslərdə axtarmaq lazımdır: “Strateji məhsulun istehsalının ildən-ilə azalması kənd təsərrüfatına rəhbərlik edənləri mütləq narahat etməliydi. Amma proseslər onu göstərir ki, qətiyyən narahat etmirdi”.

Ekspert məmur özbaşınalığı, səriştəsizlik, korrupsiya və s. səbəbləri də xüsusi qeyd edir.

Xatırladaq ki, audit nəticəsində aqrar subsidiya sistemində külli miqdarda maliyyə pozuntularının üstü açılmış, bütün bunlar apreldə Hesablama Palatasının açıqladığı hesabatda öz əksini tapmışdı. Audit zamanı məlum olub ki, hətta ilkin mərhələsi olan şum işləri belə, təsdiq olunmayan 49 əkin bəyanı üzrə 117 min hektardan çox torpaq sahəsinə görə 19 fermerə 24,2 milyon manat subsidiya ayrılıb.

Ekspert Vahid Məhərrəmli buğda istehsalının azalmasının səbəblərindən danışarkən kəndli üçün münbit şəraitin yaradılmamasını da vurğulayır. Onun sözlərinə görə, Azərbaycanda bir çox kənd sakinləri zaman-zaman pay torpaqlarını əkib-becərmək imkanını itirirlər. Maddi imkansızlıq, su problemi və s. səbəblərdən bir çoxları pay torpaqlarını ya satır, ya da icarəyə verir: “Nəticədə torpaqlar tədricən müxtəlif məmurların əllərində cəmlənir”.

Ölkədə ərzaq təhlükəsizliyinə cavabdeh qurum olmadığını deyən mütəxəssis hesab edir ki, Ərzaq Təhlükəsizliyi Nazirliyinin yaradılmasına ehtiyac var.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
19
bizimyol.info

10Mənbələr