AZ

Səssizliyin Səsi...

İnsan niyə təklikdən qorxur? Hər kəsin buna özünəməxsus səbəbi var. Kimisi sükutun ağırlığından qaçır, kimisi unudulmaqdan, kimisi isə sadəcə boşluğun içində itib getməkdən… Amma mənim qorxum fərqlidir. Mənim qorxum ətrafımda heç kimin olmaması deyil. Mənim qorxum – özümlə tək qalmaqdır.

O səssizlik var ha… hər şeyin dayandığı, səs-küyün susduğu, diqqəti yayındıracaq heç nəyin qalmadığı o an… məhz o an mən özümlə baş-başa qalıram. Və o zaman içimdə gizlətdiyim “mən” yavaş-yavaş üzə çıxır. Sanki illərlə qapalı qalan bir otağın qapısı açılır və içəridə yığılıb qalan bütün duyğular, düşüncələr bir anda nəfəs almağa başlayır.

Qəbul etmək istəmədiyim həqiqətlər var… Üzümə baxmağa cəsarət etmədiyim tərəflərim… Səhvlərim, peşmanlıqlarım, susduğum anlar, demədiyim sözlər… Hamısı o təklikdə qarşıma çıxır. Və heç biri susmur. Hər biri sanki məndən cavab istəyir. Dördpendirli pizza

O təklik ki, hər şeyi açır… Hər şeyi çılpaqlaşdırır… Qaçdığım, gizlətdiyim, adını belə qoymağa çəkindiyim hissləri qarşıma qoyur. Mən isə baxmaq istəmirəm. Çünki baxsam, görəcəyəm. Görsəm, qəbul etməli olacağam. Qəbul etsəm isə dəyişməli olacağam.

Bəlkə də ən böyük qorxum budur — dəyişmək.

Görəsən, mən nə vaxt özümlə üzləşəcək qədər cəsarətli olacam? Ümumiyyətlə, olacaqmı o gün? Yoxsa mən ömrüm boyu özümə yad biri kimi yaşayacağam?

Bəzən düşünürəm ki, insan başqalarından yox, özündən qaçır. Çünki insanın içində elə bir həqiqət yatır ki, onu qəbul etmək bəzən dünyadakı ən çətin şeyə çevrilir. Özünü tanımaq… səsləndiyi qədər sadə deyil. Bəzən bu, parçalanmaq kimidir. Bəzən bu, yenidən doğulmaq kimidir.

Mən qorxuram… Özümü incitməkdən qorxuram. Dərinlərə endikcə, içimdəki yaralara toxunmaqdan qorxuram. Çünki bilirəm – bəziləri hələ sağalmayıb. Bəziləri isə heç vaxt sağalmayacaq kimi görünür.

Başqalarına belə açıqlaya bilmədiyim düşüncələri özümə etiraf etsəm… artıq bugünkü “mən” olmayacağam. Tanıdığım, alışdığım o insan yox olacaq deyə qorxuram. Amma bəlkə də məsələ məhz budur — o “mən” heç vaxt həqiqi mən olmayıb?

Özümü itirməkdən qorxuram… amma eyni zamanda, bəlkə də ilk dəfə özümü tapmaqdan da qorxuram.

Kaş qorxularım daha sadə olardı… Kaş bir itdən, bir canavardan, ya da qaranlıq, kimsəsiz bir küçədən qorxardım. O qorxuların bir səbəbi var, bir sonu var. Qaça bilərsən, gizlənə bilərsən, keçib gedər…

Amma bu… bu içimdəki qorxu… o mənimlə birlikdədir. Haraya getsəm, mənimlə gəlir. Səssizlikdə böyüyür, tək qalanda danışır.

Və ən çətini də budur — ondan qaça bilmirəm.

Çünki o… mənəm.

Mən… özümdən qorxuram.

Amma bəlkə də bir gün… qorxmağı yox, anlamağı seçəcəm. Bəlkə də bir gün o səssizlik düşmənim yox, müəllimim olacaq. Bəlkə də bir gün özümlə üzləşmək qorxulu yox, azadlıq kimi hiss olunacaq.

Hələlik isə… mən o qapının qarşısında dayanmışam. Açmağa cəsarətim çatmır. Amma bilirəm - o qapı bir gün mütləq açılacaq.

Cəlalə Cəlalqızı

 


Telegram kanalımız
Seçilən
20
yenisabah.az

1Mənbələr