AZ

​“TikTok nəsli”: Uşaqlar niyə kitab oxumur?

Son illərdə valideynlərin və müəllimlərin ən çox səsləndirdiyi narahatlıqlardan biri uşaqların kitablardan uzaqlaşmasıdır. Bir vaxtlar məktəblilərin gündəlik vərdişi sayılan mütaliə indi telefon ekranları, qısa videolar və sosial şəbəkələrin kölgəsində qalır. Xüsusilə “TikTok nəsli” adlandırılan müasir yeniyetmə auditoriyası informasiyanı sürətli və qısa formada qəbul etməyə öyrəşib. Metbuat.az xəbər verir ki, amerikalı psixoloqlar bu mövzuda araşdırma aparıblar. Məlum olub ki, qısa videolar uşaqlarda diqqət müddətini azaldır. Bir neçə saniyəlik dinamik görüntülərə alışan beyin uzun mətnlərə fokuslanmaqda çətinlik çəkir. Nəticədə kitab oxumaq bir çox uşaq üçün “yorucu məşğuliyyətə” çevrilir. ABŞ alimləri bildirirlər ki, problem təkcə texnologiyada deyil. Onların qənaətincə, dünyanın bir çox ölkəsində oxu mədəniyyəti zəifləyib. Valideyn özü kitab oxumursa, uşağın mütaliəyə maraq göstərməsi də çətin olur. Əlavə olaraq, məktəblərdə kitabların şagirdə sevdirilməsi əvəzinə bəzən məcburi tapşırıq formasında təqdim edilməsi uşaqları mütaliədən uzaqlaşdırır. Sosial şəbəkələrin yaratdığı sürətli istehlak vərdişi də vəziyyəti dəyişib. TikTok, Instagram və YouTube platformalarında saniyələr içində yüzlərlə görüntü izləyən yeniyetmə artıq uzun hekayəyə səbir göstərmir. Bu isə həm nitq inkişafına, həm də analitik düşüncə qabiliyyətinə təsir edir. Alimlər hesab edir ki, uşaqları kitaba qaytarmaq üçün ilk növbədə ailə nümunəsi vacibdir. Evdə kitab mühiti yaratmaq, uşağa kiçik yaşdan nağıl oxumaq və ekran vaxtını məhdudlaşdırmaq əsas çıxış yollarından sayılır.

Çünki məsələ yalnız kitab oxumaq deyil. Mütaliə zəiflədikcə uşaqların söz ehtiyatı azalır, diqqət toplamaq çətinləşir və düşüncə daha səthi formaya keçir. “TikTok nəsli”nin əsas problemi də məhz budur: sürətlə məlumat alır, amma dərin düşünməyə daha az vaxt ayırır.

Seçilən
55
metbuat.az

1Mənbələr