Türkiyə müdafiə sənayesində növbəti böyük ixrac uğuruna imza atıb.
Musavat.com xəbər verir ki, Türkiyənin MILGEM layihəsi çərçivəsində İndoneziyaya iki freqat ixracı üzrə yekun müqavilə rəsmən imzalanıb. Müqavilə TAIS şirkəti vasitəsilə həyata keçirilir və layihə Türkiyənin Cənub-Şərqi Asiya bazarında ən iri müdafiə ixrac təşəbbüslərindən biri hesab olunur.
Məlumata görə, layihənin maliyyələşdirilməsində Qətərin kredit dəstəyi mühüm rol oynayıb. Bununla da “Türkiyə–Qətər–İndoneziya müdafiə sənayesi əməkdaşlığı” strateji səviyyəyə yüksəlib.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin artan əməliyyat ehtiyacları səbəbindən planlarda dəyişiklik edilib. Hazırda tikintisi davam edən F-516 “İzmir”, F-517 “İzmit” və F-518 “İçel” freqatlarının Türkiyə donanmasının tərkibinə daxil ediləcəyi bildirilib.
Eyni zamanda, döyüş potensialında boşluq yaranmaması üçün F-519 və F-521 freqatlarının 2027-2028-ci illərdə İndoneziyaya təhvil veriləcəyi gözlənilir. Satışdan əldə olunacaq gəlirlər hesabına isə onların əvəzinə yeni freqatların tikintisinə dərhal başlanacağı qeyd olunur.
Layihə çərçivəsində ASELSAN istehsalı elektron sistemlər, ROKETSAN raketləri, MKE dəniz topları və HAVELSAN komanda-idarəetmə sistemləri istifadə ediləcək.
Qeyd olunur ki, Türkiyə bu ixrac modeli ilə hərbi gəmiqayırma sahəsində özünü maliyyələşdirən dayanıqlı sistem qurmağa çalışır və gələcəkdə regionun əsas hərbi gəmi təmir mərkəzlərindən birinə çevrilməyi hədəfləyir.
Musavat.com