AZ

Baş katib: Tanınmış futbolçuların minifutbolda çıxış etməsi Avropa çempionatının rəqabət səviyyəsini daha da artırır

Bakı, 25 may, AZƏRTAC

Qrupumuz maraqlı və kifayət qədər rəqabətlidir. Rəqiblərimizin əksəriyyəti bizə tanış komandalar olsa da, hər görüşün çətin keçəcəyini gözləyirik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov milli komandanın Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatındakı şanslarını dəyərləndirərkən deyib.

O Azərbaycan yığmasının qrup mərhələsində ilk oyununu Avstriyaya qarşı keçirəcəyini xatırladıb: “Milli səviyyəsində bu komanda ilə ilk dəfə üz-üzə gələcəyik. Fransa və İtaliya ilə isə daha əvvəl qarşılaşmışıq. Son Avropa çempionatında - 2024-cü ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən turnirdə də demək olar ki, eyni qrupda yer almışdıq. Həmin vaxt rəqiblərimiz Fransa, İtaliya və Belçika idi. Bu dəfə Belçikanın əvəzinə Avstriya bizimlə eyni qrupda yer alıb. Demək olar ki, yenidən eyni rəqiblərlə mübarizə aparacağıq”.

Baş katib Fransa və İtaliya yığmaları ilə əvvəlki qarşılaşmaları yada salıb: “Hər iki komanda ilə ilk dəfə 2023-cü ildə Bakıda təşkil olunan beynəlxalq turnirdə üz-üzə gəlmişdik və hər iki görüşdə minimal hesablı qələbə qazanmışdıq. Növbəti oyunlarımız isə 2024-cü il Avropa çempionatında baş tutdu. Həmin matçlarda da millimiz qalib gəlmişdi. Xüsusilə İtaliya ilə görüş çox gərgin və çətin keçmişdi”.

O.Hüseynov rəqiblərin hazırlıq prosesi ilə bağlı da fikirlərini bölüşüb: “İtaliya millisinin hazırkı vəziyyəti barədə geniş məlumatımız yoxdur. Onların hazırlığı ilə bağlı məlumat paylaşılmayıb. Fransa yığması İngiltərədə keçirilən beynəlxalq turnirdə iştirak edib. Avstriya isə həm Çexiyada, həm də Slovakiyada təşkil olunan yarışlarda son yoxlama oyunlarına çıxıb”.

Federasiya rəsmisi bəzi komandaların heyətlərində tanınmış futbolçuların yer aldığını vurğulayıb: “İtaliya, Fransa və Avstriya yığmalarında əvvəllər tanınan bəzi futbolçular artıq yoxdur. Lakin Slovakiya millisində kifayət qədər məşhur simalar çıxış edir. Məsələn, vaxtilə Almaniyanın “Şalke” klubunda oynamış Erik Yendrişek və Slovakiya millisinin tanınmış futbolçularından olan Yuray Kuçka komandanın heyətində yer alırlar. Belə oyunçuların iştirakı həm rəqabəti artırır, həm də komandamız üçün əlavə motivasiya yaradır. Bosniya və Herseqovina millisinin heyətində də yüksək səviyyəli futbolçular var. Bu komandanın heyətində vaxtilə İspaniyada, La Liqa səviyyəsində çıxış etmiş oyunçular var. Belə rəqiblərlə qarşılaşmaq hər zaman maraqlıdır. Tanınmış futbolçuların minifutbolda çıxış etməsi turnirin marağını və rəqabət səviyyəsini daha da artırır”.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı mayın 27-dən iyunun 4-dək Slovakiyanın Bratislava şəhərində keçiriləcək. Azərbaycan millisi F qrupunda Fransa, İtaliya və Avstriya yığmaları ilə mübarizə aparacaq.

Seçilən
13
2
azertag.az

3Mənbələr