AZ

Ermənistan üçün seçim dilemması: Rusiya, yoxsa Qərb balansı?

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın Baş naziri Nikol Paşinyanin siyasətini sərt şəkildə tənqid edir. O, Paşinyanı Rusiya ilə ənənəvi müttəfiqlikdən uzaqlaşmaqda və Qərbə yönəlməkdə ittiham edir. Medvedev bu kursun Ermənistan üçün iqtisadi və enerji sahəsində ciddi itkilər yarada biləcəyini bildirir, xüsusilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərin zəifləməsini təhlükəli sayır. O, eyni zamanda Moskvanın Ermənistan xalqı ilə münasibətləri saxlamağa hazır olduğunu, lakin siyasi rəhbərliyin dəyişməsinin vacib olduğunu vurğulayır.

Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Dmitri Medvedevin bu tip bəyanatları Ermənistan–Rusiya münasibətlərində gərginliyin daha açıq və institusional mərhələyə keçdiyini göstərən siqnallardan biri kimi qiymətləndirilə bilər. Xüsusilə diqqət çəkən məqam odur ki, tənqid artıq yalnız siyasi kursa deyil, dolayısı ilə Ermənistan rəhbərliyinin legitimliyinə və gələcəyinə yönəlir.

Paşinyan hakimiyyəti son illərdə bir neçə istiqamətdə Moskvanı narahat edən addımlar atıb. Bunlara misal olaraq KTMT-ni açıq şəkildə tənqid etməsini, Rusiyanın təhlükəsizlik zəmanətlərinin effektiv olmadığını deməsini, Avropa İttifaqı və ABŞ-la təhlükəsizlik və siyasi əməkdaşlığı genişləndirməsini, Ermənistan ərazisində Aİ müşahidə missiyasının yerləşdirilməsini, həmçinin Roma Statutunun ratifikasiyası fonunda Kremlin narahatlığının artmasını göstərmək olar.

Politoloq bildirib ki, Medvedevin çıxışında “Ermənistan xalqı ilə münasibətləri qoruyuruq, problem rəhbərlikdədir” mesajı xüsusilə önəmlidir. Bu, Rusiyanın klassik siyasi ritorikasında tez-tez istifadə olunan yanaşmadır və dolayısı ilə hakimiyyət dəyişikliyi ehtimalına siyasi işarə kimi də şərh oluna bilər. Moskva bununla həm Ermənistan daxilindəki revanşist və Rusiyaya yaxın qüvvələrə mesaj verir, həm də Paşinyana təzyiq mexanizmini gücləndirir.

Digər mühüm məsələ iqtisadi və enerji amilidir. Ermənistanın qaz təchizatı, nüvə energetikası, yanacaq bazarı, əmək miqrasiyası və pul köçürmələri hələ də ciddi şəkildə Rusiya ilə bağlıdır. Moskva bu asılılığı siyasi təsir vasitəsi kimi istifadə edə biləcəyini nümayiş etdirməyə çalışır. Xüsusilə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərin zəifləməsi fonunda iqtisadi rıçaqların gündəmə gəlməsi mümkündür.

Anar İsayevin fikrincə, münasibətlərin tam qırılması ehtimalı yaxın perspektivdə yüksək görünmür. Çünki Ermənistan təhlükəsizlik baxımından hələ də tam alternativ sistem qurmayıb, Qərb isə hərbi baxımdan Rusiyanı əvəz edəcək tam mexanizm təqdim etmir. Moskva da Cənubi Qafqazda Ermənistanı tam itirmək istəmir.

Lakin ritorikanın sərtləşməsi göstərir ki, tərəflər arasında “strateji müttəfiqlik” modeli artıq əvvəlki formasında işləmir. Qarşıdakı dövrdə informasiya təzyiqi, iqtisadi rıçaqlar, daxili siyasi təsir cəhdləri və geosiyasi balans uğrunda mübarizənin daha da artması mümkündür.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
bizimyol.info

1Mənbələr