AZ

Vitrində asılan başlar, küçədə bağlanan heyvanlar: Bakı bayrama belə hazırlaşır

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son vaxtlar sosial şəbəkələrdə şəhərin müxtəlif yerlərində ət satışı məntəqələrinin qarşısında iribuynuzlu heyvanların uzun müddət ipə bağlı saxlanılması ilə bağlı görüntülər geniş müzakirə olunur. 

Paylaşılan videolarda heyvanların bəzən saatlarla, hətta günlərlə çox dar ipə bağlı şəkildə və hərəkətsiz vəziyyətdə saxlanıldığı görünür. Bu heyvanlar hərəkət edə və normal şəkildə yemək yeyə bilmir. Qurban bayramə ərəfəsində belə hallar xüsusilə artıb.

“Cebheinfo.az”-ın araşdırmasına görə, məsələ yalnız heyvanlara münasibətlə bağlı deyil, eyni zamanda psixoloji, gigiyenik və dini tərəfləri ilə də diqqət çəkir. Müşahidələr göstərir ki, bəzi satış məntəqələrinin qarşısında heyvanlar çox qısa iplərlə bağlanır və demək olar ki, hərəkət etmək imkanını itirir. 

Xüsusilə isti havalarda bu vəziyyət heyvanların daha çox əziyyət çəkməsinə səbəb olur. Baytarlar bildirirlər ki, uzun müddət stress altında saxlanılan heyvanlarda həm sağlamlıq problemləri yarana, həm də ətin keyfiyyətində dəyişikliklər baş verə bilər. 

Müzakirə olunan digər məsələ isə heyvanlar kəsildikdən sonra onların başlarının bəzi obyektlərin qarşısında və ya vitrin hissəsində nümayiş etdirilməsidir. Sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, bu cür görüntülər xüsusilə məktəbli və azyaşlı uşaqlarda qorxu, psixoloji narahatlıq və aqressiv görüntülərə qarşı həssaslıq yarada bilər. 

Çünki həmin obyektlərin bir çoxu yaşayış məntəqələrinə, məktəb yollarına və insanların sıx istifadə etdiyi küçələrə yaxın yerləşir. Bununla yanaşı, açıq şəkildə saxlanılan heyvan qalıqları antisanitar vəziyyətlə bağlı suallar da yaradır. Xüsusilə isti yay aylarında bu cür hallar ətraf mühitdə qoxu, həşərat və gigiyena problemlərinə səbəb ola bilər. 

Mütəxəssislər bildirirlər ki, qida məhsullarının satışı zamanı sanitariya qaydalarına ciddi əməl olunmalıdır və açıq şəkildə heyvan qalıqlarının nümayişi ictimai narahatlıq yarada bilər. Mövzunun dini tərəfi də müzakirə olunur. İslam dinində heyvanlara mərhəmətli davranılması xüsusi vurğulanır. 

Dini mənbələrdə heyvana əziyyət verməyin, onu ac və susuz saxlamağın doğru olmadığı qeyd edilir. İlahiyyatçılar bildirirlər ki, qurban və ya kəsim prosesi zamanı heyvan mümkün qədər stressiz vəziyyətdə saxlanılmalıdır. Heyvanın digər heyvanların gözü qarşısında kəsilməsi və ya uzun müddət əziyyət çəkməsi də dini baxımdan uyğun qarşılanmır. 

Digər tərəfdən, məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qaydaları baxımından da maraq doğurur. Qida təhlükəsizliyi və sanitariya normalarına əsasən, heyvanların saxlanılması, daşınması və kəsimi müəyyən gigiyenik standartlara uyğun həyata keçirilməlidir. 

Mütəxəssislər hesab edirlər ki, şəhər daxilində açıq şəraitdə uzun müddət heyvan saxlanılması və qalıqların nümayiş etdirilməsi ilə bağlı nəzarət tədbirləri daha da gücləndirilməlidir. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətdə heyvanlara münasibət, şəhər estetikası, uşaqların psixologiyası və sanitariya qaydaları ilə bağlı yeni müzakirələr yaradıb. 

Bir çox vətəndaş hesab edir ki, həm dini dəyərlər, həm insan psixologiyası, həm də gigiyenik baxımdan bu məsələyə daha həssas yanaşılmalıdır. 

Aişə 

“Cebheinfo.az”

Açar sözlər:

heyvanlar kəsim

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr