AZ

İllər əvvəl daş-torpaq olan ərazi CƏNNƏTƏ ÇEVRİLİB

ABŞ-ın ən quraq bölgələrindən biri hesab olunan Nevada ştatındakı Susie Creek uzun illər demək olar ki, tamamilə qurumuş çay yatağı kimi qalıb. Bölgədə yalnız daşlıq və quru kanal görünürdü. Lakin əraziyə gələn cəmi 5 qunduz illər ərzində bütün vadinin dəyişməsinə səbəb olan prosesi başladıb.

Musavat.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Susie Creek ətrafı keçmişdə həddindən artıq otlaq istifadəsi, quraqlıq və su itkisi səbəbilə ciddi zərər görüb. Bölgədəki köhnə suvarma kanallarının tamamilə quruduğu bildirilirdi. Ancaq 1990-cı illərdə başlayan təbii yaşayış mühiti layihələri ilə birlikdə qunduzlar yenidən əraziyə qayıtmağa başlayıb.

Ən diqqətçəkən dəyişiklik isə qunduzların inşa etdiyi təbii bəndlərlə ortaya çıxıb. Ağac budaqları, palçıq və daşlardan hazırlanan bu təbii sədlər suyun axın sürətini azaldıb. Nəticədə çay yatağında yenidən kiçik gölməçələr və bataqlıq ərazilər formalaşmağa başlayıb.

Araşdırmaçılar bildirirlər ki, qunduzların yaratdığı gölməçələr yalnız suyu toplamaqla kifayətlənməyib, eyni zamanda yeraltı su səviyyəsinin yüksəlməsinə də kömək edib. Bölgədə bitki örtüyü yenidən böyüməyə başlayıb, quşlar, balıqlar və digər canlılar əraziyə geri qayıdıb.

Mütəxəssislər qunduzları təbiətin ən güclü “ekosistem mühəndislərindən” biri hesab edir. Çünki onların qurduğu bəndlər suyun sürətlə axıb itməsinin qarşısını alaraq hətta quraq bölgələrdə belə rütubətli yaşayış sahələri yarada bilir.

Peyk görüntülərində belə görünən dəyişiklikdən sonra Susie Creek ətrafındakı sulaq sahələrin əhəmiyyətli dərəcədə genişləndiyi qeyd olunur. Bəzi tədqiqatçılar hesab edir ki, cəmi bir neçə qunduz belə illər ərzində bütöv vadinin görünüşünü dəyişdirə bilər.

Seçilən
17
ekologiya.az

1Mənbələr