AZ

"Sistemin mərkəzində insan yoxdursa, o model uzunmüddətli dayanıqlı ola bilməz" - Əliməmməd Nuriyev

"Əhəmiyyətli bir məsələ müzakirə olunur. Mənim mövzum bir qədər fərqli yanaşmadır və ümumi baxışı əhatə edir".

QHT.az xəbər verir ki, bu fikirləri "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev 2026-cı il mayın 20-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən "Yaşıl təchizat zəncirində yaşıl logistika" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı söyləyib.

Ə.Nuriyevin sözlərinə görə, yaşıl təchizat zənciri artıq qlobal iqtisadi və siyasi sistemin əsas elementinə çevrilib:
“Söhbət sürətli və etibarlı sistemlərdən, xüsusilə də yaşıl təchizat zəncirindən gedir. Bu mövzunu ekspertlər daha çox texniki aspektdən izah edəcəklər, amma mən daha ümumi yanaşmanı paylaşmaq istəyirəm.

Bu gün yaşıl təchizat zənciri artıq sadəcə texniki termin deyil. Karbon emissiyası, alternativ enerji, logistika və enerji transformasiyası kimi anlayışlar artıq real iqtisadi və siyasi sistemin əsas hissəsinə çevrilib".

Əliməmməd Nuriyev bildirib ki, son qlobal hadisələr logistika və təchizat sistemlərinin nə qədər həssas olduğunu göstərib:
“Dünyada son illərdə baş verən böyük dəyişikliklər bu reallığı daha da aydın göstərdi. Biz bu dəyişiklikləri pandemiya dövründə, Qırmızı dənizdə yaranan böhran zamanı, 44 günlük müharibə dövründə və Yaxın Şərqdə baş verən hadisələr fonunda daha aydın hiss etdik.

Hazırda ABŞ, İsrail və İran arasındakı gərginliklər, eləcə də Hörmüz körfəzi ətrafında yaranan risklər qlobal sistemin nə qədər həssas olduğunu bir daha göstərdi. Bir boğazın bağlanması və ya bir marşrutun pozulması milyonlarla insanın həyatına təsir edir".

O vurğulayıb ki, regional böhranlar qlobal enerji və logistika bazarlarına birbaşa təsir edir:
“Bu hadisələr neft bazarlarına dərhal təsir edir, qiymətlər dəyişir, sığorta riskləri artır və nəticədə bütün dünya alternativ marşrutlar axtarmağa məcbur olur.

Məncə, XXI əsrdə logistika artıq təkcə iqtisadi məsələ deyil, həm də siyasi xəritənin bir hissəsinə çevrilib. Dövlətlər sadəcə yollar deyil, təhlükəsiz və etibarlı yollar axtarırlar".

Ə.Nuriyevin sözlərinə görə, Orta Dəhliz və Azərbaycanın rolu strateji əhəmiyyət qazanır:
“Bu baxımdan Orta Dəhliz kimi layihələr daha da aktuallaşır və əsas qlobal logistika mərkəzlərindən birinə çevrilir. Azərbaycan da bu prosesdə artıq sadəcə tranzit ölkə deyil, etibarlı və strateji tərəfdaş kimi formalaşır.

Rəqəmsal dövlət sistemləri, şəffaflıq, Şərq-Qərb bağlantıları və gələcəkdə Zəngəzur dəhlizi kimi layihələr artıq yalnız infrastruktur layihələri deyil, həm də alternativ təhlükəsizlik və dayanıqlılıq mexanizmləridir".

Əliməmməd Nuriyev bildirib ki, yaşıl keçid məsələsi artıq hüquqi və sosial məsuliyyət aspektindən qiymətləndirilməlidir:
“Yaşıl keçid məsələsinə gəldikdə isə, bu mövzu artıq yalnız ekoloji məsələ kimi deyil, həm də hüquqi, etik və sosial məsuliyyət çərçivəsində qiymətləndirilməlidir. Təchizat zənciri artıq təkcə istehsal və logistika deyil, eyni zamanda insan hüquqları və sosial məsuliyyət məsələsidir.

Bu gün şirkətlərdən yalnız məhsul və xidmət deyil, həm də suallar soruşulur: uşaq əməyi varmı, işçilərin hüquqları qorunurmu, ətraf mühitə təsir necədir, karbon izi nə qədərdir?”

O qeyd edib ki, iqtisadi səmərəliliklə yanaşı etik məsuliyyət də ön plana çıxır:
“Artıq əsas məsələ təkcə iqtisadi səmərəlilik deyil, etik məsuliyyətdir. Dünya ucuz istehsal anlayışından məsuliyyətli və etik istehsal anlayışına doğru dəyişir".

Ə.Nuriyevin sözlərinə görə, yaşıl iqtisadiyyatın inkişafı zamanı sosial ədalət prinsipləri qorunmalıdır:
“Bu kontekstdə Afrika kimi regionlarda yaşıl iqtisadiyyat məsələsi də xüsusi diqqət tələb edir. Çünki elektrik avtomobilləri üçün lazım olan kobalt, litium və digər strateji minerallar əsasən bu regionlardan əldə olunur.

Lakin burada həm də ciddi sosial problemlər var: uşaq əməyindən istifadə, ekoloji zərərlər və qeyri-etik hasilat halları. Bu səbəbdən “yaşıl kolonializm” anlayışı da gündəmə gəlir".

O vurğulayıb ki, yaşıl iqtisadiyyat insan və sosial ədalət prinsiplərinə əsaslanmalıdır:
“Əgər yaşıl iqtisadiyyat başqa regionların sosial və ekoloji hesabına qurulursa, bu ədalətli model sayıla bilməz. Yaşıl iqtisadiyyat yalnız texnoloji deyil, həm də sosial ədalət əsaslı olmalıdır.

Əgər bu sistemin mərkəzində insan yoxdursa, o model uzunmüddətli dayanıqlı ola bilməz".

Əliməmməd Nuriyev bildirib ki, vətəndaş cəmiyyəti etik və sosial məsuliyyətin qorunmasında mühüm rol oynayır:
“Vətəndaş cəmiyyəti burada mühüm rol oynayır. Çünki şirkətlər daha çox mənfəətə, dövlətlər strateji maraqlara fokuslanır, amma vətəndaş cəmiyyəti etik və sosial məsuliyyətin qoruyucusudur.

Biz bunu müxtəlif münaqişələrdə və qlobal proseslərdə də görmüşük ki, iqtisadi göstəricilərin arxasında real insan həyatı dayanır".

Sonda Ə.Nuriyev qeyd edib ki, yaşıl iqtisadiyyatın gələcəyi onun ədalətli və şəffaf olmasından asılıdır:
“Nəticə olaraq, yaşıl təchizat zənciri və yaşıl iqtisadiyyat yalnız texnoloji transformasiya deyil, həm də hüquqi, etik və humanitar transformasiyadır. Bu sistemlərin gələcəyi onların nə qədər ədalətli, şəffaf və dayanıqlı olmasından asılıdır".

Seçilən
15
qht.az

1Mənbələr