AZ

Həcc ziyarətinin əsas əməlləri başlayıb: Azərbaycanlı zəvvarların bir hissəsi Minaya gedib

Həcc ziyarətinin əsas əməlləri başlayıb. Azərbaycanlı zəvvarların da bir hissəsi Məkkədən Mina bölgəsinə yollanıb.

 

Bu barədə Pravda.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

 

O bildirib ki, mayın 25-i axşam saatlarından etibarən zəvvarların bir hissəsi Ərafata yola salınacaq. Mayın 26-da Mina bölgəsində olan zəvvarlar da Ərafata gətiriləcək. Beləliklə, ərəfə günü zəvvarlar Həccin əsas əməllərindən biri olan Ərafat çölündə ibadət edəcəklər.

 

Mayın 26-da zəvvarlar Ərafatdan Müzdəlifəyə yola düşəcəklər. Mayın 27-si səhər isə Müzdəlifədən yenidən Minaya hərəkət edəcəklər. Burada böyük şeytanın daşlanması mərasimi icra olunacaq. Daha sonra zəvvarlar qurbangaha gedərək qurban kəsəcəklər ki, bu da Həccin əsas mərhələlərindən biri hesab olunur.

Ardınca onlar Mina çadırlarına qayıdaraq saçlarını kəsdirəcəklər.

Qeyd edək ki, bu il Həcc ziyarətinə dünya üzrə təxminən 1,6 milyon müsəlman gedib.

Azərbaycan üçün isə 1150 nəfərlik kvota ayrılıb.

2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Tarix: 25 May 2026, 10:24   
Seçilən
6
pravda.az

1Mənbələr