AZ

Azərbaycanın suverenliyinə qarşı növbəti sərsəmləmə – Moskva ölünü diriltməyə çalışır

Moskvadakı erməni “Tapan” muzeyində qondarma “artsax”a həsr olunmuş daimi ekspozisiya açılıb.

Musavat.com xəbər verir ki, ekspozisiyanın əsas elementlərindən biri Qarabağın erməni adları ilə təqdim olunduğu relyef xəritəsi olub.

Burada yaşayış məntəqələrinin və dini məkanların adları erməni dilində göstərilib.

Məlumata görə, açılış mərasimində çıxış edən arxiyepiskop Yezras Nersisyan “artsax hələ də bizi gözləyir” ifadəsini işlədib.

Bu hadisə Azərbaycanda ciddi narazılıq doğura biləcək addım kimi qiymətləndirilir. Çünki Kremlin paytaxtında məhv edilmiş, tarixin zibilliyinə atılmış qondarma “artsax” anlayışını yenidən gündəmə gətirməyə yönəlmiş təşəbbüslərə yer verilməsi Azərbaycana qarşı açıq təxribat təsiri bağışlayır.

Qeyd olunur ki, illər boyu istər çar Rusiyası dövründə, istər SSRİ zamanında, istərsə də 1991-ci ildən sonra regionda separatçılıq və revanşist meyllərə müxtəlif formalarda dəstək göstərilməsi Cənubi Qafqazda sabitliyə ciddi zərbə vurub.

Azərbaycan xalqı minlərlə şəhid verərək öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağ məsələsini qəti şəkildə bağlayıb. Bu baxımdan qondarma “artsax” ideyasını yenidən gündəmə gətirmək cəhdləri Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirilir.

Bildirilir ki, bu cür təşəbbüslər Azərbaycan-Rusiya münasibətlərinə də mənfi təsir göstərir. Azərbaycanda hesab olunur ki, regionda yeni reallıq formalaşıb və köhnə separatçı layihələri yenidən diriltmək cəhdləri heç bir nəticə verməyəcək.

Eyni zamanda vurğulanır ki, Azərbaycan xalqı 30 il işğalla barışmadığı kimi, bundan sonra da ölkənin suverenliyinə qarşı istənilən təxribatçı addımlara qarşı həssas münasibət göstərəcək.

Musavat.com

Seçilən
50
18
musavat.com

10Mənbələr