AZ

Dövlət–Biznes əməkdaşlığında yeni addım: Gömrük komitəsi və sahibkarlar bir araya gəldi

BAKI,TurkicWorld

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin təşkil etdiyi “Açıq Dialoq Platforması” çərçivəsində dövlət və biznes nümayəndələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə gömrük prosedurları, logistika və sahibkarlıq mühitinin inkişafı ilə bağlı məsələlər diqqət mərkəzində olub.

TurkicWorld xəbər verir ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin “Açıq Dialoq Platforması” çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun iştirakı ilə biznes nümayəndələri ilə görüş keçirilib.

Tədbirin açılış hissəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyin Büyükfırat çıxış edərək dövlət–biznes əməkdaşlığının genişləndirilməsi, sahibkarlıq mühitinin dəstəklənməsi və gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı fikirlərini bölüşüblər.

Görüş çərçivəsində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin fəaliyyəti və “Etibarlı Tərəfdaşlıq Konsepsiyası” haqqında təqdimatlar nümayiş etdirilib.

Daha sonra təşkilatın Logistika və Gömrük Komissiyasının sədri Vüsal Xəlilovun moderatorluğu ilə Şahin Bağırov və Hüseyin Büyükfıratın iştirakı ilə panel müzakirəsi keçirilib. Müzakirələr zamanı logistika sahəsində mövcud vəziyyət, gömrük prosedurlarının təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqi və sahibkarların gözləntiləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Panel zamanı biznes nümayəndələrinin ünvanladıqları suallar cavablandırılıb və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tədbir çərçivəsində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin üzvlərinin təltif olunması mərasimi də keçirilib. İştirakçılar eyni zamanda Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Seçilən
18
turkic.world

1Mənbələr