Son günlər ölkənin müxtəlif bölgələrində yağan güclü yağışlar bir sıra ərazilərdə subasma ilə nəticələnib. Xüsusilə, küçələrdə qalan avtomobillərin su altında qalması sürücülər üçün ciddi problem yaradıb. Belə hallardan sonra isə avtomobil bazarında “ikinci əl” adı ilə satışa çıxarılan subasmış nəqliyyat vasitələrinin sayının artdığı bildirilir.
Bəs, su altında qalmış avtomobili necə müəyyən etmək olar?
Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, subasmış avtomobili müəyyən etməyin bir neçə mühüm üsulu var.

Yasin Mustafayev
“İlk növbədə avtomobilin salonu və yük yerindəki örtüklər qaldırılmalı, alt hissə diqqətlə yoxlanmalıdır:
Əgər həmin hissələrdə pas izi aşkarlanarsa, bu, avtomobilin su altında qaldığını göstərə bilər. Belə nəqliyyat vasitələri sonradan çürüməyə daha meyilli olur”.
Ekspert qeyd edib ki, bəzi hallarda subasma avtomobil üçün kritik təhlükə yaratmaya da bilər:
“Məsələn, avtomobil həmin gün sudan çıxarılıb tam sökülərək vaxtında qurudularsa, fəsadların qarşısını almaq mümkündür. Əsas məsələ su dəymiş hissələrin peşəkar şəkildə qurudulmasıdır.
Mühərrik çox nadir hallarda ciddi zərər görür. Bu kimi problemləri avtomobil həvəskarları müəyyən edə bilir”.
Mütəxəssis alıcılara ikinci əl avtomobil alarkən tələsməməyi, xüsusilə yağış və sel hadisələrindən sonra satışa çıxarılan nəqliyyat vasitələrini daha diqqətlə yoxlamağı tövsiyə edir.
Aynurə İsmayıl
KONKRET.az