Arzuxan Əlizadə: “Bunun Azərbaycan üçün mühüm beynəlxalq əhəmiyyəti var”
2026-cı ilin may ayında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb. 176 ölkədən 58 000-dən çox iştirakçını bir araya gətirən Forum Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platforması kimi artan rolunu bir daha nümayiş etdirib.
WUF13-ün sonunda Forumun yekun sənədi olaraq qəbul edilmiş “Baku Call to Action” sənədində münaqişə, müharibə və urbisidin məktəblər, xəstəxanalar, ictimai infrastruktur və yaşayış evləri kimi mülki obyektlərə, eləcə də ətraf mühit və biomüxtəlifliyə birbaşa təsir göstərərək insanları evsiz qoyduğu, onları qaçqın və ya məcburi köçkün olmağa məcbur etdiyi vurğulanıb. Göründüyü kimi, Ermənistanın işğal dövründə Azərbaycana qarşı törətdiyi o cinayətlər 176 ölkə tərəfindən təsdiqləndi. Bir sözlə, sadalanan cinayətlərin 176 ölkə tərəfindən təsdiqlənməsinin nə kimi əhəmiyyəti var?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, bunun Azərbaycan üçün mühüm beynəlxalq əhəmiyyəti var: “Çünki uzun illər idi ki, biz dünyanı Ermənistanın işğal dövründə törətdiyi vandalizm aktlarına inandırmaqda çətinlik çəkirdik. Bir sıra səbəblərdən bəzi dövlətlər bunu görməzdən gəlirdilər. Ancaq 44 günlük Vətən müharibəsində Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra hər şey ortaya çıxdı. Davamlı olaraq Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların, beynəlxalq təşkilatların təmsilçilərinin azad edilmiş rayonlara səfərləri təşkil edildi. O cümlədən, xarici telekanallar həmin ərazilərə gedərək reportajlar, xəbərlər hazırladılar. Necə deyərlər, yerindəcə gözləri ilə gördülər ki, kəndlər, şəhərlər, meşələr, ekosistem işğal dövründə Ermənistan tərəfindən necə məhv edilib. Yüzlərlə kənd təkcə hərbi əməliyyatlar zamanı dağıdılmayıb. Həmin yaşayış məntəqələri məhz işğaldan sonra mərhələli şəkildə sökülərək yer üzündən silinib. Evlərin daşları, dam örtükləri, bir sözlə, nə yararlıdırsa sökülərək qarət edilib. Sökə bilmədiklərini məhv ediblər. Beş il əvvəl ərazilərimiz azad ediləndə yerində ucsuz-bucaqsız xarabalıqlar qalmışdı. Bütün bunlar erməni vandalizminin bariz nümunəsi idi və bunu danmaq, inkar etmək mümkün deyildi. O baxımdan, WUF13-ün yekun sənədində bütün bunların əks olunması, 176 ölkə tərəfindən təsdiqlənməsi mühüm beynəlxalq əhəmiyyətə malikdir”.
Vidadi ORDAHALLI