AZ

“Beynəlxalq əməkdaşlığın genişləndirilməsi mina təmizləmə prosesinin sürətlənməsinə mühüm töhfə verə bilər”

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, bölgənin qarşısında duran ən ciddi problemlərdən biri mina təhlükəsi olaraq qalır. Yeni yollar çəkilir, yaşayış məntəqələri yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Lakin torpağın altında gizlənən minalar və partlamamış hərbi sursatlar həm insanların həyatını risk altında saxlayır, həm də quruculuq prosesini çətinləşdirir. Qeyd edim ki, işğaldan azad olunmuş ərazilərin uzun illər ərzində intensiv şəkildə minalanması prosesi daha da mürəkkəbləşdirir. Ərazilərdə həm piyada əleyhinə, həm tank əleyhinə minalar, həm də partlamamış sursatlar mövcuddur. Bəzi sahələr üzrə mina xəritələrinin tam təqdim olunmaması isə risk səviyyəsini artıran əsas amillərdən biri hesab edilir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı deyib.

A.Şuşalı bildirib ki, hazırda mina təmizləmə işləri müxtəlif istiqamətlər üzrə davam etdirilir: “Prosesə xüsusi təlim keçmiş heyətlər, müasir texnologiyalar, mexaniki avadanlıqlar, pilotsuz uçuş aparatları və minaaxtaran itlər cəlb olunub. Bununla belə, beynəlxalq təcrübə göstərir ki, geniş şəkildə minalanmış ərazilərin tam təmizlənməsi illərlə, bəzi hallarda isə onilliklərlə davam edə bilər. Azərbaycanda da mina təhlükəsinin tam aradan qaldırılması uzun müddət tələb edəcək. Bunun əsas səbəbləri sırasında çətin coğrafi relyef, çirklənmiş ərazilərin genişliyi və minaların yüksək sıxlığı göstərilir. Bununla yanaşı, yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri, yollar və insanların geri dönüşü üçün vacib ərazilər prioritet qaydada təmizlənir”.

Onun fikirlərinə görə, mina təhlükəsi yalnız insan həyatı üçün deyil, həm də iqtisadi fəaliyyət və infrastruktur layihələri üçün ciddi maneə hesab olunur: “Yeni yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikintisi ilk növbədə həmin ərazilərin təhlükəsiz elan edilməsini tələb edir. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi, əlavə maliyyə dəstəyi və yeni texnologiyaların tətbiqi mina təmizləmə prosesinin sürətlənməsinə mühüm töhfə verə bilər. Çünki minalardan təmizləmə prosesi təkcə təhlükəsizlik məsələsi deyil, həm də insanların doğma torpaqlarına təhlükəsiz və davamlı qayıdışının əsas şərtidir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
icma.az

1Mənbələr