AZ

SpaceX Ayda Starlink sistemini yerləşdirməyə hazırlaşır

Şirkətin peyk rabitəsini Yer orbitindən kənara genişləndirməyi planlaşdırdığı bildirilib...

Poliqon xəbər verir ki, SpaceX şirkəti Ayda “Starlink” peyk rabitə sisteminin yerləşdirilməsi üzərində çalışdığını açıqlayıb. Şirkət bununla bağlı X sosial şəbəkəsində paylaşım edib.

Məlumatda qeyd olunub ki, “Starlink” komandası rabitə imkanlarının Yer planetindən kənarda genişləndirilməsi yollarını araşdırır. Layihənin əsas məqsədi gələcəkdə Ayda fəaliyyət göstərəcək astronavtlar və missiyalar üçün sabit rabitə infrastrukturu yaratmaqdır.

Şirkətin hazırladığı sistemin Ay səthində insanların işləməsi və uzunmüddətli qalması zamanı əlaqə imkanlarını təmin etmək üçün istifadə ediləcəyi bildirilir. Layihənin həm elmi tədqiqat missiyalarında, həm də gələcək kommersiya və yaşayış proqramlarında mühüm rol oynaya biləcəyi vurğulanır.

Ekspertlər hesab edirlər ki, Ayda yüksək sürətli peyk internetinin qurulması kosmik missiyaların koordinasiyası, məlumat ötürülməsi və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyacaq. Bu addımın gələcəkdə Mars və digər kosmik obyektlər üçün rabitə texnologiyalarının inkişafına da təkan verəcəyi qeyd olunur.

SpaceX hələlik layihənin texniki detalları və həyata keçirilmə vaxtı barədə əlavə məlumat açıqlamayıb.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr