Şəhid Novruzov Natiq Telman oğlu 1973-cü ilin may ayının 22-də Gürcüstanın Borçalı rayonunda anadan olmuşdur. 1975-ci il təvəllüdlü qardaşı Azər ilə birlikdə 1993-cü ildə Kəlbəcər rayonuna könüllü olaraq hərbi xidmətə yola düşmüşdür.
QHT.az xəbər verir ki, Natiq 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və yanvarın 1-də şəhid olmuşdur. Qardaşı Azər isə həmin döyüşdə iştirak edən şəhidlərin nəşləri yanvar ayının 16-da mühasirəsindən çıxarılarkən orada şəhid olmuşdur. 1994-cü il yanvar ayının 22-də hər iki qardaş Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunmuşlar. Ölümündən sonra Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Novruzov Natiq Telman oğlu “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilmişdir. Elə həmin ildə də Bakıdakı Nərimanov rayonu 36 nömrəli tam ümumtəhsil məktəbinə Novruzov qardaşlarının adı verilmiş, məktəbin həyətində büstləri də qoyulmuşdur.
Bu gün 36 nömrəli məktəbdə şəhid Natiq Novruzovun doğum günü qeyd olunub. Şəhidlərin anası Lətifə xanımın dəvəti ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” ib-in sədri Tahir Xudiyev, “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İB-in idarə heyəti üzvü, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ib-in sədri Zərnişan Azayeva və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” ib-in idarə heyəti üzvü Məlahət Abdullayeva da həmin tədbirdə iştirak ediblər.
Tahir Xudiyev, Mətanət Quliyeva, məktəbin direktoru Gülnarə Cəfərova çıxışlarında qeyd etdi ki, şəhidlər ölmürlər, Allah qatında da, ürəyimizdə də daima yaşayırlar.