AZ

Rusiya ilə Ermənistan arasında iplər tam qopdu – "Paşinyanın bu hərəkətləri şərəfsizlikdir"

Rusiya və Ermənistan arasında uzun müddətdir davam edən siyasi-diplomatik gərginlik artıq açıq nifrət, təhqir və iqtisadi təhdid müstəvisinə keçib. Rəsmi Moskva İrəvanın Qərblə yaxınlaşma addımlarına qarşı indiyə qədərki ən kəskin, sərt və təhqiramiz bəyanatını yayıb.

Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz rəsmi "Telegram" kanalında Ermənistanın baş naziri Nikol Paşinyanı hədəf alaraq onu Moskvaya qarşı düşmənçilik siyasəti yürütməkdə və qeyri-səmimilikdə ittiham edib. Dövlət rəsmisi iki ölkə arasındakı münasibətlərin qarşılıqlı hörmət prinsiplərinə söykənməli olduğunu xatırlatsa da, Ermənistanın indiki rəhbərliyinin bütün qırmızı xətləri keçdiyini bəyan edib.

Volodinin Rusiya dövlətinin adından səsləndirdiyi və iki ölkə arasında iqtisadi-siyasi bağları qopma nöqtəsinə gətirən şok bəyanatının detalları aşağıdakılardır:

"Namərdlik və siyasi alçaqlıq" ittihamı: "Dövlət Dumasının deputatlarının ümumi rəyinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına qarşı açıq şəkildə düşmənçilik siyasəti aparır. O, ölkəmizin Ermənistana yaratdığı nəhəng imkanlardan və güzəştlərdən həyasızcasına istifadə edir. Bu, tam bir namərdlik və şərəfsizlikdir".

Volodin vurğulayıb ki, Moskva Ermənistan daxilində baş verən prosesləri, xüsusən də İrəvanın rəsmən Avropa İttifaqına daxil olmaq üçün qanun qəbul etməsini və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını (Putinə qarşı həbs qərarını) tanımasını heç bir halda cavabsız qoya bilməz.

Rusiya rəsmisi qeyd edib ki, Paşinyanın Avrasiya İqtisadi İttifaqında qalmaq istəyi yalnız iqtisadi və maliyyə mənfəəti güdür. "Paşinyanın bu ittifaqda qalmaq cəhdi Avrasiya məkanından maliyyə məqsədləri üçün istifadə etmək hiyləsidir". O xatırladıb ki, bu ittifaqa daxil olduqdan sonra Ermənistanın ÜDM-i düz 2,5 dəfə artaraq 10,5 milyard dollardan 26,3 milyard dollara yüksəlib.

Dövlət Dumasının spikeri Rusiyanın Ermənistana təbii qazı Avropa bazarından dörd dəfə ucuz qiymətə (min kubmetrini 177,5 dollara) satdığını xatırladıb. Onun sözlərinə görə, Rusiya bunu "öz ziyanına" etdiyi halda, cavab olaraq "Paşinyanın alçaqlığı və namərdliyi" ilə qarşılaşır.

Volodin bəyanatının sonunda Ermənistana faktiki olaraq müharibə və iqtisadi blokada anonsu verərək nöqtəni qoyub: "Artıq bu vəziyyət belə davam edə bilməz. Belə münasibət qurmaq qətiyyən mümkün deyil, bunun çox ağır nəticələri olacaq". 

Musavat.com

Seçilən
70
50
musavat.com

10Mənbələr