Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bəyan edib.
"Ölkə.az" xəbər verir ki, Belarus lideri Ukrayna tərəfinin dialoqa istəkli olacağı təqdirdə buna açıq olduqlarını bildirib.
“Əgər o (Zelenski), nə isə barədə danışmaq, məsləhətləşmək və ya başqa bir məsələni müzakirə etmək istəyirsə, buyursun, biz buna açığıq. İstənilən məkanda – istər Ukrayna, istərsə də Belarus ərazisində onunla görüşməyə, Belarus-Ukrayna münasibətlərinin problemlərini və bəlkə də gələcək perspektivlərini müzakirə etməyə hazıram”, – deyə o söyləyib.
Belarus rəhbəri həmçinin gileylənib ki, rəsmi Minsk hansısa səbəbdən “amerikalılar, almanlar, polyaklar, litvalılar və latışlar” ilə danışmağa mövzu tapdığı halda, Ukrayna ilə danışmağa söz tapa bilmir.
Xatırladaq ki, bundan əvvəl Lukaşenko Ukrayna tərəfindən gələn bəyanatları şərh edərək Belarusun Ukraynadakı münaqişədə iştirak etmək niyyətində olmadığını vurğulamışdı.
Qeyd edək ki, bir gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Belarus ərazisindən mümkün hücumuna qarşı cavab tədbirləri hazırladıqlarını bəyan etmişdi. Ukrayna dövlət başçısı həmçinin Xarici İşlər Nazirliyinə Belarusa qarşı əlavə diplomatik təsir tədbirləri hazırlamaq barədə tapşırıq verib.(Qafqazinfo)