AZ

“Hicama Allah Rəsulunun sünnəsidir” ifadəsi nə dərəcədə doğrudur?

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sosial şəbəkələrdə “hicama Allah Rəsulunun sünnəsidir” kimi ifadələr tez-tez paylaşılır və bu yanaşma müəyyən mənada dini mənbələrə söykənir. Hədislərdə hicamanın qeyd olunması onun İslam ənənəsində yer aldığını göstərir, lakin bu, onun hər kəs üçün mütləq və dəyişməz tibbi qayda olduğu anlamına gəlmir.

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində hicama etdirmək təcrübə baxımından insan sağlamlığı üçün faydalı olduğu məlumdur və bu səbəbdən hicama məsələsi son illərdə sosial şəbəkələrdə daha çox təbliğ olunur. Onun sözlərinə görə, əsas məsələ budur ki, bu sahədə anlayışı olan da, olmayan da bu işlə məşğul olduqda müxtəlif problemlər ortaya çıxır və ən doğru yanaşma daha təcrübəli mütəxəssislərə müraciət edilməsidir. O qeyd edib ki, bəzən bu mövzuda həddən artıq şişirdilmiş, bəzən isə tam inkarçı yanaşmaların ortaya çıxması düzgün deyil və burada dini mətnlərin düzgün anlaşılması ilə yanaşı tibbi məsələlərin də elm çərçivəsində qiymətləndirilməsi vacibdir.

Əkrəm Həsənov bildirib ki, hicama İslam mənbələrində keçən və Məhəmməd peyğəmbərin (s.ə.s) tətbiq etdiyi müalicə üsullarından biridir və bu barədə səhih hədislər mövcuddur. Məsələn, Səhih əl-Buxari və Səhih Müslimdə Peyğəmbərin (s.ə.s) hicama etdirdiyi rəvayət olunur və bir hədisdə “Həqiqətən sizin müalicə vasitələrinizin ən xeyirlilərindən biri hicamadır” buyurulur. O vurğulayıb ki, bu hədis Səhih əl-Buxaridə rəvayət olunub, lakin mühüm məqam odur ki, Peyğəmbərin (s.ə.s) hər hansı bir əməli etməsi onun bütün insanlar üçün mütləq dini vacib və ya dəyişməz sünnə olması anlamına gəlmir, çünki İslam alimləri sünnəni müxtəlif kateqoriyalara bölüblər.

Onun sözlərinə görə, İmam İbn Xəldun, Şah Vəliullah Dəhləvi və bir çox müasir alimlər qeyd ediblər ki, Peyğəmbərin (s.ə.s) tibbi tövsiyələrinin bir hissəsi vəhy əsaslı hikmət daşısa da, bir hissəsi dövrün tibbi təcrübələri ilə bağlı olub. Buna görə də hicama bir müalicə üsulu kimi mövcud olub və Peyğəmbər (s.ə.s) də ondan istifadə edib, lakin bu, onun bütün xəstəliklərin universal çarəsi kimi təqdim olunmasına əsas vermir.

Əkrəm Həsənov diqqətə çatdırıb ki, Quranda birbaşa hicama əmri yoxdur, lakin insanın şəfa axtarması təşviq edilir və “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə, 195) və “Xəstələndiyim zaman mənə şəfa verən Odur” (əş-Şüara, 80) ayələri insanın həm dua etməli, həm də səbəblərə sarılmalı olduğunu göstərir.

O əlavə edib ki, müasir tibbdə hicama ilə bağlı müəyyən araşdırmalar mövcuddur və bəzi hallarda ağrıların azalması, əzələ spazmlarının yüngülləşməsi və qan dövranında müvəqqəti yaxşılaşma kimi təsirlər müşahidə edilib. Lakin dünya tibb ictimaiyyətində hicamanın bütün xəstəlikləri müalicə edən universal üsul kimi qəbul olunmadığını vurğulayan ilahiyyatçı bildirib ki, steril olmayan şəraitdə aparılan hicama infeksiya və digər sağlamlıq riskləri yarada bilər.

Əkrəm Həsənov qeyd edib ki, dinlə tibbi qarışdıraraq insanlarda möcüzə gözləntisi yaratmaq düzgün yanaşma deyil və sosial şəbəkələrdə hicamanın bütün xəstəliklərin yeganə çıxış yolu kimi təqdim olunması həm dini, həm də elmi baxımdan yanlışdır. Onun sözlərinə görə, İslam insanı elmə, araşdırmaya və ağıla çağırır və Peyğəmbərin (s.ə.s) “Ey Allahın qulları, müalicə olun” hədisi də konkret bir üsulu deyil, ümumilikdə sağlamlıq üçün səbəblərə müraciəti ifadə edir.

Sonda ilahiyyatçı bildirib ki, “hicama Allah Rəsulunun sünnəsidir” ifadəsi tamamilə yanlış deyil, lakin bunu bütün müsəlmanlar üçün mütləq dini əməl və ya bütün xəstəliklərin ilahi müalicəsi kimi təqdim etmək doğru deyil. Onun fikrincə, hicama tarixi və ənənəvi bir müalicə üsulu kimi dəyərləndirilməli, fayda verə biləcəyi kimi bəzi hallarda təsirsiz qala biləcəyi də qəbul edilməlidir və əsas yanaşma bunu fanatizmə çevirmədən elmi və tibbi nəzarət çərçivəsində qiymətləndirmək olmalıdır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
bizimyol.info

1Mənbələr