AZ

Türkiyədə İmamoğlunun prezidentlik planı ağır zərbə aldı-Özgür Özəl ofsaydda qaldı  

Xəbər verdiyimiz kimi, Türkiyədə Cümhuriyyət Xalq Partiyasının 38-ci növbədənkənar qurultayının nəticəsi məhkəmə tərəfindən ləğv edilib və qurultaya qədər partiyanın səlahiyyətli orqanların Kamal Kılıçdaroğlunun sədrliyi ilə fəaliyyətini davam etdirməsi barədə qərar qəbul olunub. Bununla da Özgür Özəlin sədrliyi faktiki olaraq ləğv edilib.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki,  bu qərarı ana müxalifət partiyası olan CHP-nin zəiflədilməsi prosesinin başlanğıcı kimi xarakterizə etmək olar:

"CHP-ni faktiki olaraq nəzarətə götürən İstanbulun sabiq bələdiyyə sədri Əkrəm İmamoğlunun siyasi planı ciddi zərbə aldı. O, Özgür Özəli partiya sədri seçdirərək, özünün prezidentliyə namizədliyinə siyasi zəmin formalaşdırmağa çalışırdı. Onun əsas siyasi xətti Türkiyəni 1980–1990-cı illərin ənənəvi siyasi modelinə qaytarmaq və son 20 ildə ölkəni inkişaf etdirən mövcud siyasi kursdan uzaqlaşdırmaq üzərində qurulmuşdu.

CHP və onun liderlərinin hakimiyyətdə olduğu dövrlərdə Türkiyə Qərbdən daha çox asılı siyasət yürüdüb və müəyyən mənada ABŞ-ın bölgədə dayaq nöqtələrindən biri kimi çıxış edib. Əkrəm İmamoğlu və komandasının Türk dünyası və Azərbaycanla bağlı mövqeləri də birmənalı deyil. Bu gün Türkiyənin regional və qlobal güc kimi irəliləməsi əsasən Rəcəb Tayyip Ərdoğanın həyata keçirdiyi siyasi kursun nəticəsidir.

Türkiyədə iqtisadi və sosial məsələlərə gəldikdə isə, türk cəmiyyətində narazılıqlar daim olub. AKP iqtidarı dövründə Türkiyə milli iqtisadiyyatı kifayət qədər inkişaf etdi. Ölkədə kənd təsərrüfatı və sənaye yüksəliş mərhələsinə qədəm qoydu. 2005-ci ildən əvvəlki Türkiyə isə, iqtisadi cəhətdən zəif bir ölkə olub.

Türkiyədə rəqabətli və liberal iqtisadi model fəaliyyət göstərir. Əhalinin sosial rifahı və iqtisadi göstəricilər bir çox regional ölkələrlə müqayisədə daha yüksəkdir.

Əkrəm İmamoğlu İstanbul meri seçilsə də, onun əsas hədəfinin şəhər idarəçiliyindən daha çox siyasi və maliyyə imkanlarını genişləndirərək hakimiyyətə gəlmək planına malik idi".

Cavanşir Abbaslı

Musavat.com

Seçilən
10
1
musavat.com

3Mənbələr