AZ

“Ağdam və Füzulidə urbanisidin ağır nəticələri ilə üzləşdik” - Emin Hüseynov

“Əslində, bölgənin ən böyük şəhərləri olan Ağdam və Füzuli sanki ümumiyyətlə mövcud olmamış kimi görünürdü. Ağdamda Çay Evi, Çörək Muzeyi, Qiyaslı məscidi, Cümə məscidi, Füzulidə isə “Araz” qəzetinin binası və digər tikililər tamamilə dağıdılmış vəziyyətdə idi”.

SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov WUF13 çərçivəsində keçirilən “Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf” panel sessiyasında deyib.

Emin Hüseynov bildirib ki, bu dağıntılar urbanisidin, yəni şəhərlərin məqsədli şəkildə məhv edilməsinin ən açıq nümunələrindən biridir.

O qeyd edib ki, bölgədə qarşıya çıxan əsas problemlərdən biri mina təhlükəsi olub: “Bu rayonlar uzun illər təmas xəttində yerləşdiyi üçün geniş şəkildə minalanmışdı və bərpa işlərinə başlamaq üçün mina təmizlənməsi həyati əhəmiyyət daşıyırdı”.

Xüsusi nümayəndə vurğulayıb ki, son beş ildə Ağdam rayonunun təxminən 60 faizi, Füzulinin 70-80 faizi, Xocalının isə 60 faizi minalardan təmizlənib. Bununla belə, mina təhlükəsinin uzun illər davam edəcək əsas problemlərdən biri olaraq qaldığını bildirib.

Emin Hüseynov Ağdam Cümə məscidinin işğal dövründə təhqir olunduğunu da diqqətə çatdırıb: “Məsciddə heyvan saxlanılmış, divarlarda vandalizm və güllə izləri qalmışdı”.

O əlavə edib ki, aparılan bərpa işlərindən sonra məscid öz ilkin görkəminə qaytarılıb.

Çıxış zamanı Qarabağ xanlığının əsasının qoyulduğu İmarət kompleksindən də bəhs olunub və bildirilib ki, bu tarixi məkan bölgənin mühüm mədəni irs nümunələrindən biridir.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
22
1
sia.az

2Mənbələr