“Mənzil sistemlərinin effektivliyi insanların, müxtəlif ehtiyaclarına cavab verməsi, xüsusilə qadınların təhlükəsizliyi, iqtisadi iştirakı və sosial dayanıqlılığı üçün nə dərəcədə əlverişli olnası ilə ölçülür. Ona görə də şəhərlərin və yaşayış məkanlarının planlaşdırılması zamanı qayğı iqtisadiyyatı anlayışının daha sistemli şəkildə nəzərə alınması vacibdir. Mənzil sistemləri isə yalnız yaşayış funksiyası daşımamalı, eyni zamanda sosial inklüzivliyi, təhlükəsizliyi, əlçatanlığı və imkan bərabərliyini təşviq edən mühit formalaşdırmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Qadınlar" adlı dəyirmi masada çıxış edərkən deyib.
Komitə sədri bildirib ki, Azərbaycan post-münaqişə dövründə həyata keçirdiyi yenidənqurma və məskunlaşma siyasətində də məhz bu prinsiplərə xüsusi diqqət yetirir:
"İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesində hər kəs üçün təhlükəsizlik prinsipləri ilə yanaşı, inklüziv yaşayış mühitinin formalaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Bu yanaşma xüsusilə təhlükəsiz ictimai məkanların yaradılması, sosial xidmətlərə əlçatanlığın təmin olunması və icma əsaslı inkişaf modellərinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Bugünkü əsas çağırışlardan biri də mənzil siyasətinin daha inteqrasiya olunmuş şəkildə nəzərdən keçirilməsidir. Çünki mənzil təhlükəsizliyi iqlim dayanıqlılığı, sosial müdafiə, iqtisadi iştirak və gender bərabərliyi məsələlərindən ayrı şəkildə təmin oluna bilməz".
Günay Şahmar, Bizim.Media