BMT-yə üzv dövlətlərin 36 %-i artıq Könüllü Milli Hesabatları təqdim edib.
APA xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Bilik və İnnovasiya Şöbəsi rəhbəri Edlam Abera Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yeni Şəhərsalma Gündəliyi” (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Yeni Şəhərsalma Gündəliyi 2036-cı ilə qədər icra ediləcək.
"10 il uzun bir müddət kimi görünsə də, biz bunun belə olmadığını bilirik, çünki 2016-dan 2026-cı ilə çox sürətlə gəldik. UN-Habitatın 10 il sonra tərəqqini qiymətləndirməklə bağlı nələr etdiyinə dair sizə qısa bir məlumat verim: biz aylardır dünyanın hər yerindən bir çox maraqlı tərəflər və qərar qəbul edənlərlə irəliləyişi qiymətləndirmək üçün çalışırıq. Tərəqqini qiymətləndirmək üçün bir neçə fərqli üsulumuz olub. Bu tərəqqini qiymətləndirməyin ən vacib yollarından biri üzv dövlətlərin Könüllü Milli Hesabatlarıdır", - Edlam Abera vurğulayıb.
Onun sözlərinə görə, bununla bağlı müsbət məqam budur ki, üzv dövlətlər tərəfindən daha çox hesabat təqdim olunub:
"Hesab edirəm ki, 70 üzv dövlətin milli hesabat təqdim etməsi, bu prosesə vaxt və resurs ayırması onların Yeni Şəhərsalma Gündəliyinə, onun həyata keçirilməsinə və qarşımızdakı 10 il üçün öhdəliklərinə sadiqliyini nümayiş etdirir. Bu, BMT-yə üzv olan ölkələrin 36 %-i deməkdir. Ona görə də biz bunu son dərəcə müsbət hesab edirik. Bu, 4 il əvvəl tərəqqi haqqında hesabat verdiyimiz vaxtla müqayisədə bir artımdır və biz bu artımı görməkdən çox şadıq", - Edlam Abera vurğulayıb.