Boston Universitetinin alimləri müəyyən ediblər ki, ABT-263 preparatı qocalmış hüceyrələri məhv edərək yaşlı orqanizmlərdə dəri zədələrinin daha sürətli sağalmasına kömək edə bilər.
HİT.az xəbər verir ki, tədqiqat “Aging” jurnalında dərc olunub.
Yaş artdıqca toxumalarda senescent (qocalmış) hüceyrələr toplanır. Onlara tez-tez “zombi hüceyrələr” də deyilir. Bu hüceyrələr artıq normal funksiyalarını yerinə yetirmir, lakin iltihabı gücləndirən siqnal molekulları ifraz etməyə davam edir və toxumaların bərpasını zəiflədir. Alimlər hesab edirlər ki, bu hüceyrələr dərinin qocalmasında və yaraların gec sağalmasında mühüm rol oynayır.
Tədqiqatçılar ABT-263 adlı senolitik preparatın bu hüceyrələri aradan qaldırıb-qaldıra bilməyəcəyini yoxlayıblar. Adi dərmanlardan fərqli olaraq senolitiklər məhz qocalmış hüceyrələri seçici şəkildə məhv edir. Təcrübə zamanı alimlər dərmanı yaşlı siçanların dərisinə 5 gün ərzində tətbiq ediblər. Daha sonra heyvanlarda kiçik yaralar yaradılaraq sağalma sürəti izlənilib.
Nəticədə məlum olub ki, preparat hüceyrə qocalmasının əlamətlərini azaldır və toxuma bərpasını sürətləndirir. 24-cü günə qədər dərman alan siçanların 80 faizində yaralar tam sağalıb, nəzarət qrupunda isə bu göstərici 56 faiz olub.
Gözlənilməz nəticələrdən biri ABT-263-ün müvəqqəti olaraq iltihabı artırması olub. Adətən iltihab zərərli sayılır, lakin bu halda qısa müddətli iltihab reaksiyası bərpa mexanizmlərini “yenidən işə sala” bilər. Heyvanlarda kollagen sintezi, damarların yaranması və toxuma bərpası ilə bağlı genlər aktivləşib.
Mütəxəssislər bildirirlər ki, yaşlı dəridə təkcə incəlmə və qırışlar yaranmır, həm də zədələrə reaksiyanın zəifləməsi müşahidə olunur. Bu isə əməliyyatlardan sonra ağırlaşma riskini artırır və yaşlı insanlarda xroniki yaraların sağalmasını çətinləşdirir.
Tədqiqatın xüsusilə maraqlı hissəsi preparatın lokal tətbiqidir. Daxilə qəbul edilən senolitiklər bütün orqanizmə yayıldığı üçün əlavə yan təsirlər yarada bilər. Dəriyə birbaşa tətbiq isə təsiri lokal saxlayır. Maraqlıdır ki, gənc siçanlarda bu effekt demək olar ki, müşahidə olunmayıb — dərman əsasən artıq qocalmış hüceyrələrin toplandığı toxumalarda təsir göstərib.
Alimlər hesab edirlər ki, gələcəkdə bu cür preparatlar əməliyyatlardan əvvəl və ya yaraların gec sağalma riski olan pasiyentlərdə istifadə oluna bilər. Lakin hazırda tədqiqat yalnız siçanlar üzərində aparılıb və insanlarda effektivlik hələ təsdiqlənməlidir.
Samir