futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Xankəndi” Futbol Klubunun idman direktoru Vasif İsmayılov açıqlama verib.
Futbolpress.az xəbər verir ki, funkionser II Liqada çempion olmalarından və klubun inkişafından söz açıb:
“Yaranmasından cəmi iki il keçməsinə baxmayaraq, artıq ikinci çempionluğunu yaşayan “Xankəndi” Futbol Klubu qarşısına qoyduğu məqsədlərə doğru inamla irəliləməyə davam edir.
İlk mövsümündə Region Liqasının qalibi olan komandamız, bu mövsüm isə II Liqanın qızıl medallarını qazanaraq I Liqada iştirak hüququ əldə edib. Klubumuz artıq bunun üçün tələb olunan lisenziyanı da alıb.
Əldə etdiyimiz uğurlar bizə böyük ümid verir ki, gələn mövsümdən etibarən nəhayət doğma şəhərimizdə — Xankəndi şəhər stadionunda, öz azarkeşlərimizin qarşısında çıxış edə biləcəyik.
Peşəkar Futbol Liqası və AFFA rəhbərliyinin dəstəyi, eləcə də gənclər və idman naziri cənab Fərid Qayıbovun son günlərdə Xankəndi şəhər stadionuna növbəti səfəri və səsləndirdiyi fikirlər stadion məsələsi ilə bağlı ümidlərimizi daha da artırır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına, xüsusilə futbol sahəsinə göstərdiyi diqqət və qayğı bu gün Azərbaycan futbolunun yüksəlişində mühüm rol oynayır. Dövlət başçısının idman infrastrukturlarının qurulması, bölgələrdə futbolun inkişafı və gənclərin idmana cəlb olunması istiqamətində həyata keçirdiyi siyasət bizə də əlavə motivasiya verir.
Bildiyiniz kimi, komandamız Region Liqasındakı oyunlarını və II Liqanın son “6-lıq” mərhələsinin qarşılaşmalarını Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda, II Liqanın ilk dövrəsindəki oyunlarını isə “Palms Sports Arena”nın 4-cü meydançasında keçirib. Bakıda təşkil olunan məşqlərimiz də müxtəlif stadionlarda baş tutub. Artıq düşünürük ki, doğma şəhərimizdə oynamağın vaxtı çatıb. Çünki biz rəqiblərimizi Xankəndidə, öz azarkeşlərimizin önündə qəbul etmək istəyirik.
Qeyd etmək istəyirəm ki, Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetinin tələbələrindən ibarət fan klubumuz da mövcuddur və bu, bizim üçün xüsusi qürur mənbəyidir. İnanırıq ki, gələn mövsümdən etibarən azarkeşlərimiz bizi doğma stadionumuzda daha gur səslə dəstəkləyəcəklər.
Biz Xankəndinin adını layiqincə təmsil etmək, bu şəhərin ruhunu, gücünü və qayıdışını bütün ölkəyə nümayiş etdirmək üçün mübarizə aparırıq. Bu torpaqlar yaşayır, bu şəhər dirçəlir və gələcəyə inamla addımlayır. Uzun illər işğal altında olmuş bir şəhərdə Azərbaycan klubunun rəsmi oyuna çıxması tarixi ədalətin və milli qürurun canlı təcəssümüdür”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.