AZ

Putin–Si Cinpin görüşünün pərdəarxası: ABŞ-yə hansı mesaj verildi? - ŞƏRH

"Bu gün qlobal səviyyədə yeni dünya düzəninin formalaşdığı bir mərhələdə bir çox dövlətlərin yaxınlaşdığının, digərlərinin isə qarşıdurma vəziyyətində olduğunun şahidi oluruq. Nə qədər bunu açıq şəkildə ifadə etməsələr də, Çin və Amerika Birləşmiş Ştatları bir tərəfdən görüşlər keçirir, danışıqlar aparır, digər tərəfdən isə bir-birlərinə qarşı dolayısı ilə təhdidlər səsləndirirlər. Məsələn, ABŞ Çinin İrana dəstək göstərdiyini açıq şəkildə bildirir və bunu özü üçün qırmızı xətt hesab etdiyini vurğulayır. Çin isə Tayvan məsələsi ilə bağlı mövqeyini sərt şəkildə ifadə edir və dünyanın “cəngəllik qaydaları”na qayıtmasının böyük təhlükələr yaradacağını bildirir. Bu fikirlər də onu göstərir ki, dünyada bəzi güclər məhz həmin yanaşmaya üstünlük verir. Təbii ki, bu da ABŞ-nin atdığı addımlarla bağlıdır".

Bu fikirləri Redaktor.az-a politoloq Xəyal Bəşirov Rusiya Prezidenti Vladimir Putin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşündən danışarkən bildirdi.

Onun sözlərinə görə, İran məsələsində Çinin tutduğu mövqe də diqqət çəkir:

"Çin bu məsələdə tək deyil, Rusiya ilə birlikdə hərəkət edir. BRICS ölkələrinin birliyi, Çinlə Rusiyanın yaxınlaşması məhz ABŞ-nin birqütblü dünya hegemonluğuna qarşı formalaşan yanaşmadır. Bu proseslər fonunda düşünürəm ki, əvvəlcə aprel ayının əvvəllərinə planlaşdırılan, daha sonra İran müharibəsinə görə təxirə salınan və 14-15 may tarixlərində baş tutan Trampın Çin səfəri də xüsusi diqqət çəkir. Səfər zamanı baş verən hadisələr, Trampın 16 trilyon dollarlıq dövriyyəyə sahib 17 şirkətin rəhbəri ilə birlikdə Çinə getməsi, lakin xüsusilə İran məsələsində demək olar ki, nəticəsiz qayıtması mühüm məqamdır. Çin tərəfinin Tayvan məsələsinin onlar üçün qırmızı xətt olduğunu açıq şəkildə bəyan etməsi göstərir ki, bu iki dövlət açıq qarşıdurma vəziyyətində olmasa da, ciddi rəqabət içərisindədir. Hazırda bu qarşıdurma daha çox siyasi, diplomatik və iqtisadi müstəvidə davam edir. Tramp hakimiyyətə gəldikdən sonra bir çox dövlətlərə, o cümlədən Çinə qarşı tarif siyasətini sərtləşdirdi. Bu addımlar tərəflər arasında ciddi gərginliyin və qarşıdurmanın göstəricisi oldu".

Politoloqun sözlərinə görə, Trampın Çin səfərindən dərhal sonra, vaxtı tam açıqlanmasa da, Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərinin planlaşdırılması da diqqət çəkən hadisədir:

"Mən düşünürəm ki, bu addım daha çox Çinin təşəbbüsü idi və Amerika Birləşmiş Ştatlarına mesaj xarakteri daşıyırdı. Hətta Trampın hava limanında yüksək səviyyədə qarşılanmaması, Vladimir Putinin isə Çin Xarici İşlər Nazirliyi səviyyəsində qarşılanması belə diplomatik mesaj hesab oluna bilər. ABŞ-nin Çinə etimad göstərmədiyini nümayəndə heyətinin Çində onlara təqdim olunan əşyaları təyyarəyə minməzdən əvvəl zibil qutusuna atması və bunun ictimailəşdirilməsi də nümayiş etdirdi. Bu da onu göstərir ki, tərəflər arasında soyuq münasibətlər getdikcə daha da dərinləşir. Bu baxımdan düşünürəm ki, Çin-Rusiya yaxınlaşması təkcə İran məsələsi ilə bağlı deyil. Bu yaxınlaşma birqütblü dünya modelinin dəyişdirilməsi və çoxqütblü dünya düzəninə keçidlə bağlıdır. Çin və Rusiyanın bu məsələdə bir çox dövlətlə mövqeləri üst-üstə düşür. Gələcəkdə müxtəlif proseslərdə də bunun şahidi ola bilərik. Hazırkı mərhələdə isə Çin və Rusiyanın ABŞ-yə münasibətdə yaxınlaşdığı aydın görünür. Bunun nə qədər davam edəcəyini və hansı nəticələr doğuracağını isə zaman və baş verəcək hadisələr göstərəcək".

NURİYYƏ

Seçilən
67
1
redaktor.az

2Mənbələr