AZ

BDU da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi keçirilib.

525.az xəbər verir ki, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, BDU-nun ən güclü tərəflərindən biri onun zəngin ənənələrə sahib olması və bu ənənələri daim inkişaf etdirməsidir. O qeyd edib ki, eyni xüsusiyyət Azərbaycan jurnalistikasına da xasdır. Bu gün həm Universitetin, həm də milli mətbuatın yeni inkişaf mərhələsinə qədəm qoymasının əsasında məhz ənənələrə sadiqlik dayanır. Prorektor vurğulayıb ki, gənclərin bu ənənələrdən yararlanaraq peşəkar jurnalist kimi formalaşması sevindirici haldır. O əlavə edib ki, Azərbaycan jurnalistikasında öz dəst-xətti ilə seçilən tanınmış media nümayəndələrinin layihə çərçivəsində tələbələrlə görüşməsi və dərslər keçməsi layihənin əhəmiyyətini daha da artırır və onun davamlı olması nəzərdə tutulur.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında professor Nəsir İmanquliyevin Azərbaycan jurnalistikasının inkişafındakı əvəzsiz rolundan bəhs edib. O bildirib ki, Nəsir İmanquliyev uzun illər “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru kimi fəaliyyət göstərərək milli mətbuatın inkişafına mühüm töhfələr verib. Həmin dövrdə bu qəzetlər yalnız informasiya mənbəyi deyil, həm də gənc jurnalistlərin formalaşdığı peşəkar media məktəbi rolunu oynayıb. Rəşad Məcid qeyd edib ki, Nəsir İmanquliyev jurnalistikada özünəməxsus məktəb yaradaraq yüzlərlə gəncin peşəkar jurnalist kimi yetişməsinə dəstək olub. Onun formalaşdırdığı jurnalistika məktəbi obyektivlik, operativlik, məsuliyyət və milli dəyərlərə bağlılıq prinsiplərinə əsaslanıb. 

Bildirilib ki, bu məktəbin yetirmələri sonrakı illərdə Azərbaycan mediasının tanınmış simalarına çevrilərək milli mətbuatın inkişafında mühüm rol oynayıblar. O əlavə edib ki, müasir dövrdə jurnalistikanın qarşısında yeni çağırışlar dayansa da, Nəsir İmanquliyev kimi korifeylərin irsi bugünkü gənc jurnalistlər üçün mühüm yol xəritəsi rolunu oynayır.

Tədbirdə çıxış edən Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli və fakültə THİK-in sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, “Professor Nəsir İmanquliyev dərsləri” gənclərin milli mətbuat tarixini daha yaxından öyrənməsi, peşəkar jurnalistika ənənələri ilə tanış olması və media sahəsində praktik biliklər əldə etməsi baxımından mühüm təşəbbüsdür. Çıxışlarda vurğulanıb ki, Nəsir İmanquliyevin zəngin irsi və yaratdığı jurnalistika məktəbi bu gün də Azərbaycan mediası üçün örnək olaraq qalır.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışında layihənin tələbələrin peşəkar jurnalistika mühiti ilə yaxından tanış olması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, “Professor Nəsir İmanquliyev dərsləri” gənclərin milli mətbuat ənənələrini öyrənməsinə və praktik biliklər qazanmasına töhfə verir. Sonda layihənin ikinci mərhələsi olaraq bu gündən etibarən məqalə müsabiqəsinin elan olunduğu diqqətə çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
525.az

1Mənbələr