AZ

Bahar Muradova: “Azərbaycan gender bərabərliyi sahəsində hüquqi bazanı bir çox ölkədən daha əvvəl formalaşdırıb”

Bahar
“Gender bərabərliyi siyasətinin şəhər inkişafı strategiyalarına inteqrasiyası qanunvericilik bazası, fəaliyyət planları və ictimai dəstək mexanizmləri vasitəsilə həyata keçirilir”. 1news.az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) beşinci günü çərçivəsində bildirib.
O qeyd edib ki, gender bərabərliyinin təmin olunması rəhbərlik etdiyi qurumun fəaliyyətində prioritet istiqamətlərdən biridir və bu sahədə ardıcıl iş aparılır. Dövlət Komitəsinin sədrinin sözlərinə görə, Azərbaycan bir çox ölkələrlə müqayisədə bu sahədə hüquqi bazanı daha erkən formalaşdırıb. Belə ki, respublikada gender bərabərliyi haqqında qanun hələ 2006-cı ildə qəbul edilib ki, bu da dövlət siyasətinin sistemli və davamlı xarakter daşıdığını göstərir. Bahar Muradova vurğulayıb ki, yaxın günlərdə Milli Məclisdə həmin qanunun icrası ilə bağlı növbəti hesabat təqdim olunacaq. Sənəddə müxtəlif sahələr üzrə mövcud vəziyyət, əldə olunan nəticələr və qarşıda duran əsas çağırışlar öz əksini tapacaq. O əlavə edib ki, Prezident tərəfindən təsdiqlənmiş gender bərabərliyinin təmin olunmasına dair fəaliyyət planında mövcud problemlər, çətinliklər və onların həlli üçün nəzərdə tutulan konkret addımlar geniş şəkildə əhatə olunub. Qurum rəhbərinin fikrincə, bu istiqamətdə həm müəyyən problemlər, həm də yeni imkanlar mövcuddur və onların effektiv həlli üçün cəmiyyətin bütün təbəqələrinin fəal dəstəyi olduqca vacibdir. B.Muradova xüsusilə qeyd edib ki, bu prosesdə gənclər və media əsas rol oynayır. Cəmiyyət gender bərabərsizliyinin mənfi təzahürlərinə qarşı daha həssas yanaşmağa başlayıb, bu mövzuda daha çox sual verir, maarifləndirici təşəbbüsləri fəal dəstəkləyir və ictimai qınağın formalaşmasına töhfə verir. “İnsanlar artıq cəmiyyətdə gender bərabərsizliyinin mənfi nəticələrini görmək istəmirlər və bu, müsbət dəyişikliklərin göstəricisidir. Əsas məqsəd isə bu prosesi daha effektiv və davamlı etməkdir”, — deyə o bildirib.

Sonda Dövlət Komitəsinin sədri əminliyini ifadə edib ki, gender bərabərliyi siyasətinin şəhər inkişafı strategiyalarına inteqrasiyası dövlət tədbirləri ilə yanaşı, ictimai iştirakçılıq, maarifləndirmə fəaliyyəti və medianın dəstəyi ilə daha səmərəli olacaq.

Seçilən
22
1news.az

1Mənbələr