Gəncəli şəhid atasından təklif-"Bu muzeyin yaradılmasının əhəmiyyəti böyük olardı"
"Gəncədə Şəhidlər Muzeyinin yaradılmasını təklif edirəm. Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, lokal antiterror tədbirləri şəhidlərinə həsr olunmuş muzeyin yaradılmasına zərurət var. Şəhidlərimizin yaddaşlarda yaşaması üçün bu muzeyin yaradılmasının əhəmiyyəti böyük olardı. Bu bizim şəhidlərimiz qarşısında borcumuzdur. Xatirə Kitabı Redaksiyası şəhidlərimizin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə kitablar çap edir. Xatirə Kitabı Redaksiyasının gördüyü işlər çox əhəmiyyətlidir. Kitab tarixdir, yaddaşdır. Eyni zamanda hesab edir ki, şəhidlərimiz barədə silsilə filmlər çəkilməlidir. Necə ki, vaxtilə İkinci Dünya müharibəsində şəhid olan oğullara bağlı filmlər çəkilirdi, indi də şəhidlərimiz barədə çəkilməlidir". Baki-xeber.com-un məlumatına görə, bunu Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdirdiyi "44 gün – Tarixi Zəfər" adlı kitabın II, III və IV cildlərinin təqdimat mərasimində şəhid Seyidzadə Mirhüseynin atası Miryunis Seyidzadə deyib. Şəhid atası vurğuladı ki, Gəncə şəhidləri ilə bağlı xüsusi sayt yaradılır və bütün Şəhidlər haqda məlumatlar yenilənir. İradə SARIYEVA Gəncə