AZ

Prezidentin xüsusi nümayəndəsi: Azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma mərhələli və kompleks yanaşma tələb edir

Bakı, 21 may , AZƏRTAC

Əlbəttə, insanların doğma torpaqlarına daha qısa zamanda qayıtmaq istəyi tam başa düşüləndir və bu, hər birimiz üçün çox həssas məsələdir. Amma nəzərə almalıyıq ki, işğaldan azad olunmuş ərazilər çox ciddi dağıntılara məruz qalıb.

Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a məxsusi müsahibəsində Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.

O bildirib ki, belə genişmiqyaslı işlərin bütün ərazilərdə paralel şəkildə həyata keçirilməsi zaman, resurs və koordinasiya tələb edir. Məhz buna görə köç prosesi mərhələli və planlı şəkildə aparılır. Çünki burada söhbət yalnız yaşayış binalarının tikilməsindən getmir. İnsanların rahat və təhlükəsiz yaşaması üçün bütün infrastruktur paralel şəkildə qurulmalıdır. Bu, geniş planlaşdırma, peşəkar texniki yanaşma, layihələndirmə, digər inzibati prosedurlar və müxtəlif dövlət qurumları arasında koordinasiyanı əhatə edən kompleks bir prosesdir.

“İnsanların həmin ərazilərə köçünü təmin etməklə yanaşı, məşğulluq, təhsil, sosial xidmətlər və özünəməşğulluq imkanlarının yaradılması da diqqət mərkəzində saxlanılır. Burada məqsədimiz dayanıqlı həyatın qurulmasıdır”, - deyə Prezidentin xüsusi nümayəndəsi əlavə edib.

Fotoqraf - İlkin Cavanşirov

Operator - Ələkbər Baxşıyev
Seçilən
26
1
azertag.az

2Mənbələr