AZ

Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşüb

21 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Uqoçi Daniels ilə görüşüb.

Görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, gələcək birgə fəaliyyət perspektivləri və miqrasiya proseslərinin idarə edilməsi sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.

Tərəflər ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə, xüsusən də Beynəlxalq Miqrasiya Təşkilatı ilə qurduğu uzunmüddətli münasibətlərin dinamikasını müsbət qiymətləndirib.

Miqrasiya sahəsində idarəetmə mexanizmlərinin müasirləşdirilməsi istiqamətində reallaşdırılan müştərək təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı müqabil tərəfə işğaldan azad edilmiş ərazilərdə icra olunan irimiqyaslı infrastruktur layihələri və regionun iqtisadi reabilitasiyası barədə ətraflı məlumat verilib.

Hökumətin əsas strateji prioritetlərindən biri olan keçmiş məcburi köçkünlərin doğma torpaqlarına dayanıqlı və mərhələli şəkildə qayıdışının uğurla həyata keçirildiyi vurğulanıb.

Uqoçi Daniels Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən islahatları, xüsusilə məcburi köçkünlərin geri qayıdışı istiqamətində görülən işləri, “Böyük Qayıdış” proqramını yüksək qiymətləndirib. Təmsil etdiyi qurumun ölkəmizlə miqrasiya sahəsində əməkdaşlığı davam etdirməyə və müvafiq layihələrə zəruri dəstək verməyə hazır olduğunu bildirib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, habelə regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
11
10
apa.az

10Mənbələr