AZ

Aİ Almaniya iqtisadiyyatının 2026-cı il üçün artım proqnozunu iki dəfə azaldıb

Berlin, 21 may, AZƏRTAC

Avropa İttifaqı Almaniya iqtisadiyyatı üzrə 2026-cı il üçün artım proqnozunu kəskin azaldıb.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının açıqladığı məlumatda Almaniyada ümumi daxili məhsulun (ÜDM) artımının əvvəl proqnozlaşdırılan 1,2 faiz əvəzinə cəmi 0,6 faiz olacağının gözlənildiyi bildirilib. Komissiya bütövlükdə Aİ üzrə iqtisadi artım gözləntisini də 1,4 faizdən 1,1 faizə endirib. Avrozonaya daxil olan 21 ölkə üzrə isə artım proqnozu 0,9 faiz səviyyəsində müəyyənləşdirilib.

Komissiyanın açıqlamasında bildirilib ki, fevralın sonlarınadək mülayim iqtisadi artım və inflyasiyanın azalacağı gözlənilsə də, İran müharibəsindən sonra enerji qiymətlərinin kəskin bahalaşması iqtisadi fəallığı zəiflədib və inflyasiya təzyiqlərini artırıb. Enerji idxalçısı olan Aİ Yaxın Şərqdəki münaqişənin yaratdığı enerji şokuna xüsusilə həssasdır. Hörmüz boğazında faktiki blokada nəticəsində neft və qaz qiymətlərində ciddi artım qeydə alınıb.

Almaniya hökuməti də aprelin sonunda iqtisadi artım gözləntisini iki dəfə azaldaraq bu il üçün cəmi 0,5 faiz artım proqnozu açıqlayıb. Bununla yanaşı, Almaniya iqtisadiyyatı ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz böyüyüb. Artıma əsasən dövlət və özəl istehlak xərclərinin yüksəlməsi təsir göstərib.

Almaniyanın İqtisadiyyat İnstitutu (IW) da ölkə üzrə artım proqnozunu 0,4 faizə endirib. Avropa Komissiyası enerji bazarlarında vəziyyətin sabitləşəcəyi təqdirdə 2027-ci ildə müəyyən yaxşılaşma gözləyir.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
2
1
azertag.az

2Mənbələr