AZ

Liderlər Çinin ayağına gedir? - “Tramp özünü quzu balası kimi aparırdı”

“Hazırda dünyada 3 supergüc var: ABŞ, Rusiya və Çin. ABŞ və Rusiyanın münasibətləri qeyri-sabitdir. Bu üçlüyün içərisində sadəcə Çinin beynəlxalq imici sabitdir”.

Bu sözləri “Yeni Sabah”a politoloq Zərdüşt Əlizadə bildirib.

O, ABŞ Prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putinin qısa aralıqla Pekinə səfərini şərh edib: Toyuqlu pizza

“Çin dünya ölkələrinin gözündə özünü çox abırlı aparır və mütəmadi olaraq iqtisadi gücünü artırır. Rusiya və ABŞ isə zəifləməkdə olan müasir imperiyalardır. Hər ikisinin xeyli müşkülü var. Təbii ki, Çinin də müəyyən daxili və xarici problemləri mövcuddur, amma digər ikisinə baxanda daha sabit və müsbət inkişaf dinamikasına malikdir. Bu faktor Çini yaxın gələcəkdə dünyada yeganə supergücə çevirə bilər.

Pekin çalışır ki, hamı ilə yaxın münasibətlər qursun. Fikir verin, ABŞ Prezidenti Donald Tramp digər dövlətlərin rəhbərlərinə qarşı kobud davrandığı halda, Si Cinpinlə görüşdə özünü quzu balası kimi aparırdı. Çünki yaxşı bilir ki, Çinin gücü, hörməti var.

Rusiya və ABŞ arasında çox ciddi ziddiyət var. Çin isə hərbi cəhətdən heç vaxt meydan sulamır. Pekinin qonşularına qarşı hər hansı hərbi təhdidi yoxdur. Onun hərbi gücünü artırması sadəcə özünümüdafiə tədbiridir”.

Politoloq vurğulayıb ki, Pekinin əsas məqsədi öz qlobal gücündən istifadə edib “vahid Çin” konsepsiyasını reallaşdırmaqdır:

“Çin çalışır ki, hamı ilə normal münasibətlər qursun. Amma özünün olanı da heç kimə vermək niyyətində deyil. Si Cinpin Donald Trampla görüş zamanı Tayvan məsələsi ilə bağlı kəskin mövqe nümayiş etdirdi. Pekin “vahid Çin” meyarından 1 addım geri çəkilməyəcək. Çin özünə güvənir və beynəlxalq hüququn prinsiplərinə əməl edir. Lakin ABŞ və Rusiya bu hüquqları ayaqlar altına alır. Çinin yürütdüyü siyasət yalnız təkamül yolu ilə Tayvanla münasibətləri normallaşdırmaq və Honkonq nümunəsində olduğu kimi, 1 dövlət daxilində 2 siyasi sistem formalaşdırmaqdır. Ən doğru variant da budur”.

Bir çox siyasi dairələrin yanaşmasına görə, ABŞ və Rusiya liderlərinin ard-arda Pekinə etdikləri mühüm səfərlər, hər iki nüvə dövlətinin qlobal böhranların həllində və iqtisadi sabitlikdə Çindən olan asılılığını açıq şəkildə nümayiş etdirir. Vaşinqton və Moskva arasındakı geosiyasi qarşıdurmanın pik həddə çatdığı bir vaxtda, liderlərin, bir növ, “Çinin ayağına getməsi” Pekini dünyanın əsas siyasi arbitrinə çevirib. Hər iki supergücün Pekində diplomatik daxili nizamlama axtarışına çıxması, Çinin artıq iqtisadi nəhəng olmaqla kifayətlənmədiyini, həm də yeni dünya nizamının qaydalarını diktə edən ən əsas qlobal güc mərkəzi olduğunu təsdiqləyir.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
11
1
yenisabah.az

2Mənbələr