AZ

Süd Yolunda qədim cırtdan qalaktikanın qalıqları müəyyən edilib

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Astronomlar Süd Yolu qalaktikasının diskində qeyri-adi ulduz qrupu aşkar edib.

XQ xəbər verir ki, Günəş ətrafında təxminən 2 kiloparsek radiusda yerləşən bu 20 qədim ulduzun tədqiqi göstərib ki, onlar vaxtilə Süd Yolu ilə toqquşmuş və sonradan parçalanmış cırtdan qalaktikanın qalıqlarıdır. Tədqiqat müəllifləri bu qədim sistemə “Loki” adını veriblər. Aşkar edilən ulduzların 11-i qalaktik disk ilə eyni istiqamətdə, yəni proqrad, 9-u isə retroqrad hərəkət edir. Bu isə onların mənşəyini izah etməyi çətinləşdirən əsas xüsusiyyətlərdən biridir.

Süd Yolu qalaktikası buğumlu spiral qalaktikadır. Onun əsas komponentləri nüvə, baldc, disk və halodur. Qalaktik disk ulduzlararası qazın əsas hissəsinin toplandığı və yeni ulduzların formalaşdığı yastı quruluşdur. Diskdəki ulduzlar eyni istiqamətdə dairəvi orbitlər üzrə hərəkət edir və bu ulduzların “metallığı” yaşlı nəsil ulduzlarla müqayisədə daha çoxdur. Yaşlı ulduzlar isə əsasən haloda toplaşıblar. Əvvəllər belə hesab olunurdu ki, çox qədim və metallığı son dərəcə aşağı olan ulduzlar əsasən haloda yerləşir. Bu strukturların arasında kəskin sərhəd yoxdur. Diskdə az sayda yaşlı ulduzlara da rast gəlinir. Son müşahidələr isə göstərib ki, onların bir hissəsi cavan ulduzlarla eyni istiqamətdə hərəkət edir, digərləri isə əksinə yəni retroqrad hərəkət malikdir.

Qalaktikanın təkamülünün öyrənilməsində əsas alətlərdən biri ulduz atmosferlərinin kimyəvi analizidir. Ulduzun kimyəvi tərkibi onun formalaşdığı qaz buludunun ilkin kimyəvi xüsusiyyətlərini milyardlarla il ərzində qoruyub saxlayır. Buna görə də kimyəvi tərkib obyektin mənşəyini müəyyən etmək üçün kifayət qədər etibarlı göstərici rolunu oynayır.

Tədqiqatda CFHT (Canada–France–Hawaii Telescope) teleskopunda quraşdırılmış yüksək ayırdetməli ESPaDOnS spektroqrafından istifadə olunub. Bu cihaz 20 ulduzun atmosferində 23 müxtəlif kimyəvi elementin miqdarını dəqiqliklə ölçməyə imkan verib. Məlum olub ki, həmin ulduzlar metal tərkibi çox aşağı olan ulduzlar qrupuna daxildir. Onlarda dəmirin miqdarı Günəşdəki dəmir miqdarının 1 %-dən də azdır. Bu isə onların Kainatın çox erkən dövrlərində formalaşdığını göstərir. Proqrad və retroqrad ulduzların spektrləri müqayisə edildikdə onların kimyəvi tərkibinin demək olar ki, eyni olduğu müəyyən edilib. Əgər bu ulduzlar müxtəlif yerlərdə yaranıb sonradan ayrı-ayrılıqda Süd Yolu tərəfindən tutulmuş olsaydı, onların kimyəvi tərkibində ciddi fərqlər müşahidə olunardı. Lakin nəticələr göstərib ki, bu 20 ulduz vahid və təcrid olunmuş qaz mühitində formalaşıb. Başqa sözlə, onların hamısı eyni qədim cırtdan qalaktikaya aid olub. Əlavə olaraq spektrlərində r-proses, yəni neytronların sürətli tutulması zamanı yaranan elementlərin, xüsusilə avropiumun (Eu) yüksək miqdarı aşkar edilib. Belə elementlərin əsas mənbəyinin neytron ulduzlarının birləşməsi olduğu düşünülür. Bundan başqa, ulduzlarda maqnezium, silisium və kalsium kimi elementlər də təyin olunub. Bu elementlər isə massiv ulduzların kollapsı nəticəsində baş verən II tip ifratyenilər zamanı kosmosa atılır. Maraqlı məqam isə odur ki, Ia tip ifratyeni alışmalarına aid heç bir iz yoxdur. Ia tip ifratyenilər adətən qoşa sistemdə ağ cırtdanın donor ulduzdan maddə akkresiyası (maddə axını) nəticəsində yaranır. Bu proses üçün ulduzun əvvəlcə ağ cırtdan mərhələsinə qədər təkamül etməsi, sonra isə kifayət qədər maddə toplaması lazımdır. Bunun üçün isə bir milyard il keçməlidir. Ia tip ifratyenilərə aid kimyəvi izlərin olmaması göstərir ki, “Loki” sistemində ulduzəmələgəlmə bir milyard ildən az müddətdə dayanıb. Böyük ehtimalla, “Loki” Süd Yolu ilə toqquşduğu zaman qalaktikamızın cazibə qüvvəsi və mühit təsiri onun ulduzlararası qazını tamanən dağıdıb. Nəticədə bu cırtdan qalaktikada yeni ulduzların yaranması tamamilə dayanıb.

Ulduzların bugünkü mövqeyini və hərəkət istiqamətini izah etmək üçün alimlər NIHAO-UHD kosmoloji simulyasiyalarından istifadə ediblər. Simulyasiyalar göstərib ki, təqribən 3,8 milyard il əvvəl “Loki” hələ formalaşmaqda olan Süd Yoluna 40 dərəcəli bucaq altında yaxınlaşıb. Bu zaman dinamik sürtünmə nəticəsində cırtdan qalaktika enerjisini itirib, orbitinin eksentristeti artıb və Süd Yolunun disk müstəvisinə doğru çəkilib.

Daha sonra qabarma qüvvələri “Loki”ni parçalayıb. Parçalanma zamanı ulduzların bir hissəsi Süd Yolunun diski ilə eyni istiqamətdə hərəkətini davam etdirib, digər hissəsi isə əks istiqamətli orbitlərə düşüb. Buna görə də bu gün “Loki”yə aid ulduzların bir qismi proqrad, digər qismi isə retroqrad hərəkət edir. Lakin onların hamısı təxminən eyni qalaktik müstəvidə qalıb. Hesablamalara görə, “Loki” sistemi toqquşmadan əvvəl qaz və ulduzlarla birlikdə təqribən 1,4 milyard Günəş kütləsinə malik olub.

Bu kəşf Süd Yolunun disk quruluşunun yalnız daxili proseslər nəticəsində formalaşmadığını göstərir. Qalaktikamızın diski qədim toqquşmaların və udulmuş kiçik qalaktikaların izlərini də özündə saxlayır. Belə ulduz qruplarının öyrənilməsi Süd Yolunun formalaşma tarixini daha dəqiq bərpa etməyə imkan verir.

Qeyd edək ki, tədqiqat işi “Kral Astronomiya Cəmiyyətinin aylıq Xəbərlər jurnalı”nda (Monthly Notices of the Royal Astronomical Society) dərc olunub.

Seçilən
2
1
xalqqazeti.az

2Mənbələr