AZ

“Şəhər dəyər zənciri fəaliyyətdə: Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi”

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə “Şəhər dəyər zənciri fəaliyyətdə: Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi” mövzusunda təqdimat sessiyası keçirilib.

Agentliyin məlumatına görə, tədbirdə rəsmi şəxslər, investorlar, şəhərsalma mütəxəssisləri və bələdiyyə rəhbərləri, maliyyə institutlarının, beynəlxalq təşkilatların və şirkətlərin nümayəndələri iştirak ediblər.
Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, müasir şəhər və kənd modellərinin tətbiqi, dayanıqlı infrastrukturun qurulması barədə təqdimatla çıxış edib. Bildirilib ki, bu ərazilərdə icra olunan layihələr ağıllı, dayanıqlı və inklüziv inkişaf yanaşmasının praktiki nümunələrindəndir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud tarixi irsin qorunması ilə müasir şəhər idarəçiliyi yanaşmalarının uzlaşdırılmasının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, mədəni irsin mühafizəsi, turizm potensialının inkişafı şəhər dəyər zəncirinin mühüm elementlərindəndir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatı rəhbərinin müavini Gülşən Rzayeva müasir şəhərsalma siyasətinin dayanıqlı inkişaf, keyfiyyətli yaşayış mühiti və səmərəli infrastruktur həlləri ilə sıx bağlı olduğunu vurğulayıb. Qeyd edilib ki, WUF13 çərçivəsində keçirilən sessiya Azərbaycanın şəhərsalma sahəsində təcrübəsinin beynəlxalq səviyyədə təqdim olunması və qlobal tərəfdaşlarla fikir mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev WUF13-ün şəhərsalma, investisiya və dayanıqlı inkişaf üzrə tərəfdaşlıq imkanlarının müzakirəsi üçün mühüm beynəlxalq platforma olduğunu bildirib. O, AZPROMO-nun Azərbaycanın investisiya potensialının təşviqi və yerli şirkətlərin beynəlxalq bazarlara çıxışının dəstəklənməsi istiqamətində fəaliyyəti haqqında məlumat verib.

Sessiya çərçivəsində həmçinin yerli şirkətlərin nümayəndələri tərəfindən təqdimatlar keçirilib. Təqdimatlarda şəhər inkişafı, daşınmaz əmlak, investisiya, infrastruktur və xidmət sahələrində layihələr, təcrübə və əməkdaşlıq imkanları barədə məlumat verilib.

Seçilən
28
vergiler.az

1Mənbələr