AZ

“Uşaqlar üçün təhlükəsiz və inklüziv şəhər mühiti prioritetdir” - Bahar Muradova

Azərbaycan uşaqların müdafiəsi, onların inkişafına şərait yaradan təhlükəsiz mühitin təmin olunması və inklüziv sosial siyasətin gücləndirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib.

SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Evlərimiz, Gələcəyimiz: Uşaqlar və gənclər üçün yaşanıla biləcək şəhər mühitlərinin birgə dizaynı” adlı müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, “Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya” və mövcud qanunvericilik uşaqlar üçün təhlükəsiz və inklüziv mühitin yaradılmasını əsas prioritet kimi müəyyən edir.

Bahar Muradova qeyd edib ki, bu yanaşma şəhərsalma və ərazi planlaşdırmasında ictimai iştirakçılıq və sosial yönümlü prinsiplərə əsaslanır və uşaqların rifahının daha sistemli şəkildə nəzərə alınmasına hüquqi baza yaradır.

Komitə sədri əlavə edib ki, forum çərçivəsində təqdim olunan əsas yanaşmalardan biri “insan mərkəzli yenidənqurma modeli”dir.

Onun sözlərinə görə, bu model post-münaqişə və yenidənqurma proseslərində uşaqlar və gənclər üçün təhlükəsiz və perspektivli gələcəyin yaradılmasını nəzərdə tutur.

Bahar Muradova vurğulayıb ki, uşaqlar üçün təhlükəsiz şəhərlər yalnız infrastruktur layihələri ilə deyil, kompleks sosial yanaşma ilə formalaşır və WUF13 çərçivəsində aparılan müzakirələr bu istiqamətdə mühüm töhfə verir.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
29
1
sia.az

2Mənbələr