AZ

İƏT rəsmisi: Rəqabət artıq yalnız ölkələr arasında deyil, şəhərlər və regionlar arasında da formalaşır

Bakı, 21 may, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv bir çox ölkə infrastruktur, əlaqəlilik, sahibkarlıq və innovasiya kimi əsas amillərə xüsusi diqqət yetirir.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisindəki Biznes və İnnovasiya Mərkəzində “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsindəki çıxışında İslam Əməkdaşlıq Təşkilatının Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk deyib.

“2012-ci ildə dünyanın 1000 aparıcı şəhəri arasında 275 şəhər iqtisadiyyat, insan kapitalı, həyat keyfiyyəti, ətraf mühit və turizm kimi 5 əsas göstərici üzrə qiymətləndirilib. Bu şəhərlərin 175-i İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin payına düşürdü. Dubay, İstanbul, Cakarta, Doha və Almatı kimi şəhərlər Yaxın Şərq və digər inkişaf etməkdə olan regionların mühüm kommersiya və iqtisadi mərkəzləri kimi ön plana çıxıb. Yeni hesabatda da üzv ölkələrin bir sıra şəhərləri dayanıqlı xidmətlər və rəqabət qabiliyyəti baxımından yüksələn şəhərlər kimi qeyd olunub. Bu baxımdan, məlumatların və təhlillərin daha effektiv şəhər siyasətlərinə, icmalar üçün daha rəqabətli inkişaf strategiyalarına və daha geniş iqtisadi imkanlara çevrilməsi xüsusi əhəmiyyət daşıyır. Mövcud proteksionist meyillər və qlobal iqtisadi çağırışlar fonunda əməkdaşlıq və sahibkarlığın rolu daha da artır. Məhz buna görə də texniki əməkdaşlığın genişləndirilməsi və təşkilatlar arasında səmərəli tərəfdaşlıqların qurulması vacibdir. Bu həm də göstərir ki, rəqabət artıq yalnız ölkələr arasında deyil, şəhərlər və regionlar arasında da innovasiya, dayanıqlılıq və iqtisadi cəlbedicilik üzrə formalaşır”, - deyə o bildirib.

Fotoqraf – İlkin Cavanşirov

 

Seçilən
14
azertag.az

1Mənbələr