
Bakı–Tbilisi–Bakı istiqaməti üzrə “Azərbaycan Dəmir Yolları” QSC-nin yataq tipli müasir vaqonlardan ibarət qatarları fəaliyyət göstərəcək. Bu marşrutda sərnişinlərə “komfort”, “komfort+” və “lüks” olmaqla üç fərqli xidmət sinfi təqdim ediləcək.
AFN.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, qatar ümumilikdə 6 vaqondan ibarət olacaq: 1 “Lüks” sinif vaqonu, 1 qarışıq “Lüks” və “Komfort+” sinif vaqonu, 3 “Komfort” sinif vaqonu və 1 vaqon-restoran yer alacaq. Qatarın ümumi sərnişin tutumu 118 nəfərdir. “Komfort” sinif vaqonlarından birində hərəkət imkanları məhdud olan sərnişinlər üçün xüsusi kupe nəzərdə tutulub. Bundan əlavə, qarışıq “Lüks” və “Komfort+” sinif vaqonundakı kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və ya qrup şəklində səyahət edən sərnişinlərin istəyi əsasında həmin arakəsmə açılaraq kupelər birləşdirilə bilər.
B.Hacıyev qeyd edib ki, İsveçrənin "Stadler Rail Group" şirkəti tərəfindən istehsal edilən vaqonlar yeni nəsil təhlükəsizlik sistemləri və innovativ texnologiyalarla təchiz olunub. “Lüks” sinif kupeləri iki nəfərlikdir və onların hər birində masa, televizor, duş kabinəsi və ayrıca sanitar qovşaq yerləşir. “Komfort+” sinif kupeləri də iki nəfərlikdir və burada sərnişinlər üçün televizor, masa və əlüzyuyan təmin olunub. “Komfort” sinif kupeləri isə dörd nəfərlikdir və hər kupedə televizor mövcuddur.
Mətbuat katibinin sözlərinə görə, “Komfort” və “Komfort+” vaqonlarında ümumi istifadəyə verilən duş və sanitar qovşaqlar fəaliyyət göstərəcək, “Lüks” sinifdə isə hər kupe ayrıca duş kabinəsi və sanitar qovşağa malik olacaq. Bütün kupelər fərdi tənzimlənən işıqlandırma və temperatur sistemi, səs izolyasiyası, bələdçi ilə əlaqə düyməsi ilə təchiz edilib. Həmçinin sərnişinlərin istifadəsi üçün kart sistemi ilə işləyən seyf, elektrik yuvaları, internet bağlantısı, dörd dildə məzmun təqdim edən TV monitoru, pult və qulaqlıq imkanları yaradılıb.
ADY rəsmisi əlavə edib ki, sərnişinlərə təmiz yataq dəsti və xüsusi səfər paketləri təqdim olunacak. “Komfort” sinif sərnişinləri üçün paketə nəm və quru salfet, diş dəsti, əl dəsmalı, yataq dəsti, su və tərlik daxil ediləcək. “Komfort+” sinifdə bunlarla yanaşı yuxu maskası və dabankeş də təqdim olunacaq. “Lüks” sinif sərnişinləri üçün isə əlavə olaraq gigiyenik dəst, şampun, duş geli, əl və bədən dəsmalı da nəzərdə tutulub.