AZ

Sülh sınaq qarşısında: Paşinyan uduzsa, sülh təhlükəyə düşəcək? – ÖZƏL

Ermənistanda kremlyönlü "Güclü Ermənistan" blokunun baş nazirliyə namizədi Samvel Karapetyan bəyan edib ki, hakimiyyətə gələcəkləri təqdirdə azərbaycanlıların ölkədə torpaq və daşınmaz əmlak almasını, həmçinin onlara mülk hədiyyə edilməsini qanunla qadağan edəcəklər. Karapetyan iddia edib ki, guya 300 min azərbaycanlı mülk almaqla Ermənistana köçməyə hazırlaşır və hazırda ölkədəki kəndlər, məktəblər məhz onlar üçün boşaldılır.

Bu çıxışlar nəyə xidmət edir? Sülh bu qədər yaxınikən belə bəyanatlara ehtiyac varmı? Belə görünür ki, Paşinyan seçkidə qalib gəlmədiyi halda sülh reallaşmayacaq. Bəs Azərbaycan-Ermənistan münasibətlərini nə gözləyir? 

"İstər Samvel Karapetyan olsun, istərsə də Qarabağ canisi, Xocalı qətliamının təşkilatçılarından biri olan Robert Köçəryan - son zamanlar onların daha radikal bəyanatlar verməsinin əsas səbəblərindən birinin artıq seçkiləri uduzduqlarını anlamaları olduğunu düşünürəm. Buna görə də onlar daha populist və radikal şüarlarla seçkidən sonrakı dövr üçün Nikol Paşinyana qarşı təzyiqi artırmağa çalışırlar. Eyni zamanda, xalq qarşısında özlərini daha "mübariz", daha "ermənidən çox erməni" kimi göstərmək xətti seçiblər".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçinin sözlərinə görə, məqsəd odur ki, hətta seçki məsələlərində belə "radikal və prinsipial mövqelərindən geri çəkilmədiklərini" nümayiş etdirsinlər və gələcəkdə Nikol Paşinyanı, onun tərəfdarlarını, eləcə də sadə erməniləri mümkün müharibə təhlükəsi ilə bağlı qınamaq üçün özlərinə müəyyən siyasi baza formalaşdırsınlar. Əgər onlar seçkidə qalib gəlmək şanslarının yüksək olduğuna inansaydılar, bu qədər radikal çıxışlar etməzdilər. İstər Karapetyan olsun, istərsə də Robert Köçəryan, cəmi bir neçə ay əvvəl Azərbaycanla münasibətlərdə əldə olunmuş nəticələrə dair daha ehtiyatlı mövqe nümayiş etdirirdilər. İndi isə artıq seçkiləri uduzduqlarını hiss etdikləri üçün daha şovinist və populist şüarlarla bundan sonrakı siyasi kampaniyalarını davam etdirməyə çalışırlar.

"Düşünmürəm ki, hakimiyyətə gələcəkləri təqdirdə bu gün səsləndirdikləri ritorikaya uyğun siyasət aparsınlar. Hətta ehtimal çox zəif olsa belə, onların hakimiyyətə gələcəyi halda tamamilə fərqli - 180 dərəcə dəyişmiş Karapetyan və ya Robert Koçaryan görə bilərik. Ən azı yaxın bir il ərzində belə bir dəyişiklik mümkündür. Çünki Ermənistanda hakimiyyətin dəyişməsi Azərbaycana qarşı güclü müqavimətin formalaşacağı anlamına gəlmir. Əksinə, belə bir vəziyyətdə Ermənistan cəmiyyətində daha böyük qorxu və panika yarana bilər. İnsanlar düşünə bilər ki, avantürist bir hakimiyyət ölkəni qısa müddətdə yeni müharibə və yeni eskalasiya ilə üz-üzə qoya bilər. Belə hallarda isə ən çox zərər çəkən yenə də sadə vətəndaşlar olur. Məhz buna görə də onlar hakimiyyətə gələ bilməyəcəklərini anladıqları üçün daha sərt şüarlar və populist bəyanatlarla çıxış edirlər. Amma hakimiyyətə gələcəkləri halda, onların bugünkü ritorikasından tamamilə fərqli davranışlarının şahidi ola bilərik", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr