AZ

Fəriz Əzizov: “Bakı sovet irsindən uzaqlaşaraq polisentrik meqapolisə çevrilir”

Fəriz
“Bir çox baxımdan Bakı bu gün eyni vaxtda bir neçə transformasiya prosesindən keçir”. 1news.az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Fəriz Əzizov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) beşinci günü çərçivəsində təşkil olunan “Bakı Baş Planı – 2040: şəhər inkişafının yeni erası” adlı panel sessiyada deyib.
“Bakı böyük ölçüdə sovet şəhərsalma irsinin formalaşdırdığı şəhər modelindən müasir polisentrik meqapolisə çevrilir; həddindən artıq mərkəzləşmiş şəhər strukturundan daha balanslı paytaxt ekosisteminə keçir; əsasən iri sənaye zonaları və monofunksional rayonlarla xarakterizə olunan sənaye şəhərindən isə mobillik, xidmətlər, texnologiyalar və dəyişən həyat tərzi ilə formalaşan daha çevik postindustrial şəhər mühitinə transformasiya olunur”, - deyə o bildirib. Onun sözlərinə görə, müasir şəhərsalmanın ən çətin tərəfi şəhərlərin ənənəvi planlaşdırma modellərindən daha sürətlə dəyişməsidir. “Hərbi strateqlər tez-tez keçmiş müharibələrə hazırlaşmaqda tənqid olunduqları kimi, şəhər planlaşdırıcıları da bəzən şəhərləri keçmiş cəmiyyət modellərinə uyğun hazırlamaq riski ilə üzləşirlər. Halbuki müasir şəhərlər statik yanaşmalar üçün həddindən artıq sürətlə inkişaf edir. İnsanların 20 ildən sonra necə yaşayacağını, işləyəcəyini və hərəkət edəcəyini proqnozlaşdırmaq asan deyil”, - deyə Fəriz Əzizov vurğulayıb. Spiker bir sıra suallar səsləndirib: Şəhərlərin böyüməsi şəhərətrafı ərazilərə doğru genişlənməkdə davam edəcəkmi? Uzaqdan və hibrid iş rejimi yol hərəkətinin strukturunu daimi olaraq dəyişəcəkmi? Gələcəyin şəhərləri monofunksional biznes kvartalları ətrafında, yoxsa çoxfunksiyalı və qarışıq istifadəli şəhər məkanları üzərində formalaşacaq?

“Və bəlkə də ən vacib sual budur: texnoloji, demoqrafik, iqtisadi, enerji və sosial transformasiyalar fonunda şəhərlərin rolu necə dəyişəcək? Bunlar son dərəcə mürəkkəb suallardır. Lakin gələcəyi mükəmməl proqnozlaşdıra bilməsək belə, onu mümkün qədər ağıllı şəkildə öncədən görməyə borcluyuq. Məhz buna görə uzunmüddətli strateji planlaşdırma kritik əhəmiyyət daşıyır”, - deyə AAYDA nümayəndəsi yekunlaşdırıb.

Seçilən
63
1news.az

1Mənbələr