AZ

Biletin qiyməti, yoxsa sosial yük? – Bakı–Tbilisi qatarı ətrafında böyüyən narazılıq

Bakı–Tbilisi–Bakı qatar marşrutunun pandemiyadan sonra yenidən bərpası xəbəri ilk baxışda sevindirici hadisə kimi qarşılandı. Lakin tezliklə açıqlanan bilet qiymətləri açıq kupe üçün 81 manat, kupeyə isə 120–150 manat ictimaiyyətdə ciddi narazılığa səbəb oldu. ADY-nin bu qiymətlərə verdiyi rəsmi izahat isə mübahisəni yenidən qızışdırdı: “Beynəlxalq marşrutlar üzrə qiymətlər Avropa standartlarına uyğundur”.

Bu tezis nə dərəcədə əsaslıdır? Avropa qatarlarına biletlər həqiqətən çoxmu bahadır? Əgər belədirsə, ADY-nin qiymətləri bu müqayisəylə əsaslandırmaq hüququ varmı? Bu məqalədə həmin sualları faktlarla cavablandırmağa çalışacağıq.

ADY-nin rəsmi izahatı nə deyir?

ADY QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib ki, Bakı–Tbilisi–Bakı reysi üzrə bilet qiymətləri Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyənləşdirilir. Bundan əlavə, beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə öz əmsalını tətbiq edir. Yəni qiymət yalnız məsafəyə görə hesablanmır — marşrutun beynəlxalq xarakteri, texniki xidmət, lokomotiv və vaqon istismarı, servis xərcləri də nəzərə alınır.

Nəqliyyat eksperti Elməddin Muradlı da bildirib ki, xüsusilə Gürcüstan tərəfi üzrə tranzit şərtlərinin və qarşılıqlı hesablaşmaların yekunlaşdırılması tariflərin dəqiq müəyyən edilməsini vaxt baxımından daha mürəkkəb edir. Bu texniki cəhətdən doğrudur. Sual odur ki, bu xərclər bileti həmin səviyyəyə çatdırırmı?

Avropada qatarlara biletlər necədir?

Avropada qısaməsafəli reyslərin qiyməti təxminən 10–50 avro arasında dəyişir, uzunməsafəli reyslərdə isə 50–200 avro və daha yuxarı ola bilir. Paris–Lion (təxminən 460 km) üçün bilet 30 avrodan başlayır. Müqayisə üçün bir neçə nümunə: Amsterdam–Paris 35 avro, Mançester–London 25 avro, Berlin–Münhen 29 avrodan başlayır.

Bakı–Tbilisi (520 km) üçün 81 manat ilk baxışda bu qiymətlərlə müqayisə oluna bilər. Əgər yalnız rəqəmlərə baxsaq. Lakin rəqəmlər kontekstsiz heç bir şey ifadə etmir.

Maaş fərqi hər şeyi dəyişdirir

Avropa standartları adı altında əsaslandırılmasına etiraz edərək qeyd edək ki, Avropa standartı yalnız bilet qiyməti deyil. Gəlin rəqəmlərə baxaq:

| Ölkə | Orta aylıq maaş | Müqayisəli bilet | Maaşın faizi |
| Fransa |€2,800 | €30–60 | 1–2% |
| Almaniya | €3,200 | €29–70 | 1–2% |
| Böyük Britaniya | 2,500 | €25–50 | 1–2% |
| Azərbaycan | 1,100 AZN | 81–150 AZN | 7–14%|

Azərbaycanda 2026-cı ildə orta aylıq maaş 1,100–1,150 manat səviyyəsindədir. Aylıq gəlir isə cəmi 600 manat civarındadır. Yəni ölkə əhalisinin yarısı üçün bir bilet aylıq gəlirin 25 faizinə bərabərdir. Avropalı işçi həmin məsafəyə maaşının 1–2%-ni xərcləyir; azərbaycanlı isə 7–14%-ni — bu, 7 ilə 14 dəfə daha ağır bir yükdür.

Avropa qatarları nə üçün baha ola bilir?

Ədalət naminə qeyd etmək lazımdır: Avropa qatarları həmişə ucuz deyil. Son dəqiqə alınan, yüksəksürətli (TGV, ICE, Eurostar) və ya çevik biletlər 200–300 avroya çata bilər.

Lakin Avropada eyni zamanda güclü endirim sistemi, erkən rezervasiya qiymətləri, sosial endirimlər (gənclər, pensiyaçılar), regional qatar şəbəkəsi və alternativ nəqliyyat imkanları mövcuddur. İnsan Paris–Lion üçün 30 avro bilet tapa bilir. Bakı–Tbilisi üçün isə alternativ yoxdur. Yalnız ADY-nin qoyduğu tarif. Bundan başqa, Avropanın yüksəksürətli qatarları saatda 300 km sürətlə hərəkət edir, vaqonlar müasir komfortla təchiz olunub, Wi-Fi mövcuddur. ADY-nin yenilənmiş qatar parkı isə hələ ki bu standartlara tam çatmır.

İsveçrə frankı məsələsi: əsaslıdır, amma tam izahat deyil

ADY-nin hesablamaların İsveçrə frankı üzərindən aparıldığını bildirməsi beynəlxalq dəmir yolu praktikasında real bir faktdır. UIC (Beynəlxalq Dəmir Yolu İttifaqı) çərçivəsindəki hesablaşmalar əksər hallarda CHF üzərindən aparılır. Bu texniki cəhətdən doğrudur.

Lakin bu izahat tam mənzərəni əks etdirmir. İsveçrə frankı əmsalı qiymətin niyə belə yüksək olduğunu izah edir, amma qiymətin ağlabatan olub-olmadığını izah etmir. Qonşu ölkəyə – Gürcüstana avtobusla getmək çox daha ucuza başa gəlir, bu isə böyük suallar doğurur.

Müqayisəni doğrultmaq üçün nə lazımdır?

Əgər ADY həqiqətən “Avropa standartları” iddiası irəli sürmək istəyirsə, aşağıdakı şərtlər eyni vaxtda yerinə yetirilməlidir:

Xidmət keyfiyyəti: Müasir vaqonlar, vaxtında hərəkət, yüksək sürət, bort Wi-Fi, yaxşı qidalanma xidməti.

Tarif çevikliyi: Erkən rezervasiya qiymətləri, endirim kartları, müxtəlif sinif seçimləri.

Sosial balans: Avropa ölkələrinin əksəriyyətində dəmir yolu xidmətlərinin maliyyələşdirilməsinin bir hissəsini dövlət öz üzərinə alır. ADY-nin subsidiya modeli isə şəffaf deyil. Rəqabət mühiti: Avropada birdən çox operator xətt işlədə bilir, bu da qiymət rəqabəti yaradır. Azərbaycanda isə dəmir yolu inhisardır.

ADY-nin “Avropa qiymətləri” tezisi yarımçıq bir müqayisədir. Bilet rəqəmləri bəzi Avropa marşrutları ilə müqayisə olunsa da, kontekst tamamilə fərqlidir: Azərbaycanda maaşlar Avropadan 5–6 dəfə azdır, xidmət keyfiyyəti hələ Avropa standartlarına çatmır, tarif çevikliyi mövcud deyil, dövlət subsidiyalarının şəffaflığı bilinmir. Beynəlxalq hesablaşma mexanizmlərinin (CHF bazası, ölkə əmsalları) mövcudluğu qiymətin texniki izahıdır, sosial ədalətin sübutu deyil.

Qısası, ADY-nin tezisi texniki cəhətdən tamamilə uydurma deyil, lakin sosial-iqtisadi reallığı nəzərə almadan irəli sürüldüyündən natamam və aldadıcı bir arqumentdir.

KONKRET.az-ın ANALİTİK QRUPU

Seçilən
32
1
konkret.az

2Mənbələr