Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində seminar keçirilib.
Muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru İlhamə Gültəkin “Ağqoyunlular və Səfəvilər dövründə Diyarbəkir surlarının bərpası – kitabə və qabartmalar” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Türkiyənin Diyarbəkir bölgəsinin tarixi məskunlaşma dövrü miladdan öncəki zamana aid edilsə də, şəhərin dəqiq tarixi hələ də müəyyənləşməyib.
Daha sonra məruzəçi şəhərin toponimika tarixinə nəzər salaraq müxtəlif əsrlərdə və hakimiyyətlər dövründə şəhərin necə adlandırılması haqqında məlumat verib, 1937-ci ildə Mustafa Kamal Atatürkün sərəncamı ilə bölgədəki mis mədənlərinə istinadən şəhərin “Diyarbakır” adını qazandığı vurğulanıb.
Bildirilib ki, şəhərin qədim divar və qüllələrində, şurlarında tapılan çoxsaylı kitabələr Bizans, islam və islamdan öncəki zamana aid olması ilə fərqlənir.
İlhamə Gültəkin qeyd edib ki, XV–XVI əsrlərdə Ağqoyunlu, Səfəvi şahlarının hakimiyyəti altına keçən Diyarbəkirdə həmin dövrə aid xeyli kitabə də aşkar olunub.
Dövrünün önəmli tikililəri içərisində “Şeyx Matar məscidi” və “Dörd ayaqlı minarə”ni qeyd edən məruzəçi, minarənin Hənəfi, Şafi, Maliki və Hənbəli məzhəblərini simvolizə etdiyini vurğulayıb. Qeyd edib ki, Səfəvilər dövrü memarlığının əsas xüsusiyyətlərini özündə daşıyan Diyarbəkirin Bismil adlanan rayonu, məhz Ağqoyunlu və Səfəvi hakimiyyəti dövründə burada məskunlaşan türkman tayfaları tərəfindən salınıb.
Seminar məşğələsi muzey əməkdaşlarının sual və çıxışları ilə davam edib.
Q.YUSİFOĞLU
XQ