AZ

Ukraynanın Kursk əməliyyatından sonra ən böyük UĞURU

Ukrayna Silahlı Qüvvələri cəbhənin bir çox istiqamətində taktiki təşəbbüsü yenidən ələ keçirir.

Musavat.com xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutununun (ISW) hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, son aylarda Ukrayna qüvvələri müxtəlif cəbhə bölgələrində əks-hücum əməliyyatları həyata keçirərək 2024-cü ilin avqustunda Kursk vilayətinə müdaxilədən sonra ən böyük uğurlarını əldə ediblər.

Məlumata görə, Ukrayna ordusu 2025-ci ilin noyabrından etibarən Kupyanskın böyük hissəsinə nəzarəti bərpa edib, 2026-cı ilin qış və yaz aylarında Ukraynanın cənubunda 400 kvadrat kilometrdən çox ərazini azad edib. Həmçinin 2026-cı ilin aprel ayının sonundan başlayaraq Zaporojyenin qərbində bir neçə yaşayış məntəqəsi geri qaytarılıb.

Analitiklər bildirirlər ki, Ukraynanın cənub istiqamətində həyata keçirdiyi əks-hücumlar Rusiyanın yaz-yay hücum planlarına ciddi təsir göstərib və Moskvanı qüvvələrini bölüşdürməyə məcbur edib. Bununla yanaşı, Ukraynanın 2026-cı ilin əvvəlindən Rusiya logistikasına, hərbi texnikasına və canlı qüvvəsinə endirdiyi orta mənzilli zərbələr də Rusiya ordusunun hücum imkanlarını zəiflədib.

Mayın 15-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib ki, dəqiq zərbələr, Rusiya ehtiyatlarının məhv edilməsi və daimi təzyiq Ukrayna ordusuna taktiki təşəbbüsü ələ almağa imkan verib.

Sırski son uğurları Rusiyanın döyüş potensialının sistemli şəkildə zəiflədilməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, Ukrayna pilotsuz sistemləri təkcə may ayında Rusiya ordusuna 34 min itki verməyi hədəfləyir.

Ukraynanın müdafiə naziri Mixail Fyodorov isə bildirib ki, Ukrayna ordusu 2026-cı ilin aprelində Rusiyanın yeni canlı qüvvə toplama tempindən daha çox itki verməsinə nail olub və indi məqsəd ayda təxminən 50 min Rusiya itkisinə səbəb olmaqdır.

ISW hesab edir ki, Ukrayna yaxın aylarda orta mənzilli zərbələri və cəbhənin zəif nöqtələrində əks-hücumları genişləndirəcək ki, bu da Rusiyanın hücum əməliyyatlarını daha da çətinləşdirəcək.

Məlumatda qeyd olunur ki, “Hartiya” briqadasının birinci batalyonunun üçüncü rotasının komandiri hazırda Kupyansk şəhərinə Ukrayna qüvvələrinin tam nəzarət etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya ordusu kiçik qruplarla şəhərə daxil olmağa çalışsa da, uğur qazana bilmir.

Bundan əlavə, Zaporojye vilayətinin Stepnoqorsk yaşayış məntəqəsində Rusiya qüvvələri möhkəmləndirilmiş mövqelərdən çıxarılıb və əsas strateji nöqtələr Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Musavat.com

Seçilən
23
1
musavat.com

2Mənbələr