AZ

Azərbaycan şəhərsalma sahəsində regionun aparıcı dövlətidir



Dünyanın geosiyasi və iqtisadi nizamının yenidən formalaşdığı müasir dövrdə Azərbaycan növbəti dəfə bəşəriyyətin gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji mərkəz qismində çıxış edir. COP29-un qlobal miqyaslı tarixi uğurundan sonra paytaxt Bakının daha bir böyük BMT platformasına - Ümumdünya Şəhərsalma Forumunun 13-cu Sessiyasına (WUF13) yüksəksəviyyədə evsahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun bariz göstəricisidir.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli nitqi tədbirin ideoloji strukturları idi. Dünyanın 182 ölkəsindən 45 mindən çox qeydiyyatdan keçmiş iştirakçının qatıldığı bu mötəbər forum ölkəmizin urbanistika sahəsində təklif etdiyi qlobal çağırışların hədəfinə çevrildi. Dövlətimizin başçısı çıxışında vurğuladı: "Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk".
Mərasimdə Azərbaycan torpaqlarında qədim yaşayış məskənləri, memarlıq məktəbləri və urbanizasiya ənənələrindən geniş danışıldı, bunların təkcə region üçün deyil, bütövlükdə dünya sivilizasiyasının inkişafında mühüm əhəmiyyət kəsb edildiyi bildirildi. Naxçıvan, Şamaxı, Gəncə, Şəki, Qəbələ kimi şəhərlərin Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı şəhərsalma mədəniyyətinin canlı nümunələri olduğu qeyd edildi.
Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu tarixi irsə xüsusi diqqət çəkərək vurğuladı ki, yurdumuzun qədim şəhərləri memarlıq və şəhərsalma ənənələrinin bu günədək qorunub saxlanıldığı nadir məkanlardandır. Şamaxıda yerləşən VIII əsrə aid məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin tarixi siması, Şəki və Qəbələnin qədim abidələri Azərbaycan xalqının yalnız mədəni deyil, həm də urbanistik baxımdan yüksək inkişaf etmiş sivilizasiya yaratdığını göstərir. Azərbaycanda şəhərsalma ənənəsi sadəcə tikinti və memarlıq baxımından təqdirəlayiq fəaliyyəti ilə göz oxşamır, eyni zamanda bu, milli yaddaşın, dövlətçilik tarixinin və mədəni kimliyin qorunmasıdır. Azərbaycanın şəhərləri coğrafi cəhətdən Şərqlə Qərbin və deməli, müxtəlif fərqli sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyindən onların urbanistik sistemi də müxtəlif memarlıq üslublarının sintezindən formalaşıb. Dövlətimizin başçısı çıxışında dedi: "Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər.”
Azərbaycan Prezidenti öz nitqində tarixi faktlara toxunaraq Bakının ekoloji transformasiyasını dünya birliyinə unikal təcrübə kimi təqdim etdi, paytaxtımızın 1846-cı ildə dünyada ilk sənaye üsulu ilə neft hasil edilən məkan olduğunu xatırlatdı, 180 il ərzində ətraf mühitin qorunmasına sıfır dərəcədə riayət edildiyini, torpaq və havanın ciddi çirklənməyə məruz qaldığını vurğuladı, Bakının keçmişindəki "Qara şəhər", Bibiheybət və Böyükşor ərazilərinin acınacaqlı vəziyyətini diqqətə çatdırdı. Onu da bildirək ki, son 20 ildə həyata keçirilən ekoloji reabilitasiya siyasəti möcüzəvi dəyişikliklərə yol açıb. "Qara şəhər" tamamilə tarixin arxivinə göndərilərək dünyanın ən müasir layihələrindən birinə - "Ağ şəhər"ə çevrilib. Bibiheybət və Böyükşor əraziləri neft gölməçələrindən təmizlənərək yerində böyük yaşıl parklar, idman və istirahət zonaları salınıb. Paytaxtda son illər 100-dən çox yeni park və xiyaban istifadəyə verilib.
Dövlətimizin başçısının xarici qonaqlara bu ərazilərin keçmiş foto-video arxivləri ilə indiki mənzərəsini müqayisə etmək barədə tövsiyəsi Azərbaycanın güclü siyasi iradəsinin sübutu idi. Eyni zamanda "qara qızıl"ın insan kapitalına və yaşıl şəhərsalma modelinə transformasiyası" konsepsiyasının qlobal miqyasda nümayişi idi. Prezident İlham Əliyevin bu mötəbər beynəlxalq platformada həmin tarixi irsə əsaslanaraq verdiyi mesajlar təbii ki, mühüm əhəmiyyət kəsb edirdi. Qeyd edək ki, Bakı şəhərinin memarlıq simasının məhz XIX əsrin ortalarındakı o ilk quyudan sonra başlayan "neft bumu" sayəsində formalaşdığı bir həqiqətdır. Prezident forum iştirakçılarına Bakının təkcə müasir deyil, həm də köklü sənaye və memarlıq tarixinə malik spesifik bir şəhər olduğunu xatırlatdı. Bu, həm də tarixi identikliyin qorunmasının vacibliyini təsdiq edir.
Müasir dövrdə şəhərsalma siyasəti hər bir dövlətin sosial-iqtisadi inkişafını müəyyən edən əsas sahələrdən biri hesab olunur. Dünyada urbanizasiya prosesinin sürətlənməsi, əhalinin şəhərlərdə sıx məskunlaşması və ekoloji problemlərin artması şəhərlərin planlı şəkildə inkişaf etdirilməsini daha da vacib edir. Bu baxımdan, müasir şəhərsalma artıq insanların rahat yaşayışının təmin olunması, ekoloji təhlükəsizliyin qorunması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tarixi-mədəni irsin yaşadılması kimi mühüm istiqamətləri əhatə edir.
Azərbaycan da son illər şəhərsalma sahəsində mühüm uğurlar əldə edən ölkələr sırasında yer alır. Yurdumuzun müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri müasir inkişaf modelinin formalaşdırılmasına xidmət edir. Yeni yolların salınması, körpülərin və tunellərin tikilməsi, park və bulvarların, xiyabanların yaradılması, yaşayış komplekslərinin və sosial obyektlərin inşası şəhərlərin simasını tamamilə dəyişib. Xüsusilə Bakıda həyata keçirilən yenidənqurma layihələri Azərbaycanın müasir şəhər modelinə keçidinin nümunəsi hesab olunur. Bununla yanaşı, regionlarda da aparılan abadlıq işləri ölkənin hərtərəfli inkişaf strategiyasının tərkib hissəsinə çevrilir.
Prezident İlham Əliyevin çıxışında urbanistlər, memarlar və dövlət idarəçiləri üçün ən mühüm tapşırıq inkişaf metodologiyasındakı həssas balansla bağlı oldu. Dövlətimizin başçısı şəhərlərin böyümə tempini tənzimləyərkən cəsarətli, həmçinin ehtiyatlı yanaşma prinsipini irəli sürdü: "Bu gün xüsusilə paytaxt şəhərlərində şəhər inkişafına olan bu zərurəti tam anlayışla qəbul edərək cəsarətli və ehtiyatlı olmalıyıq". Bu, müasir urbanizasiyanın gətirdiyi rəqəmsal innovasiyalar qəbul edərkən milli-mədəni kimliyin mühafizə dayağıdır.
Cəsarət rəqəmsal idarəetmə, "ağıllı" texnologiyalar və mikromobilliyin infrastruktura sürətlə inteqrasiyasını tələb edir. Ehtiyat isə şəhərlərin tarixi nüvəsinin, memarlıq irsinin "tikinti bumu" qarşısında qorunmasıdır. Prezidentin bu xüsusda Bakı "Formula-1" yarışı ilə bağlı müqayisəsi, əslində, müasir urbanizasiya siyasətinin fəlsəfəsini ifadə edir. Yəni inkişaf sürətli olmalıdır, lakin bu proses tarixi irsin məhv edilməsi hesabına baş verməməlidir. Azərbaycan modeli də məhz bu prinsipə əsaslanır. Burada həm müasirlik, həm milli kimlik, həm texnoloji yenilik, həm də tarixi yaddaş birlikdə qorunur. Bakının Şərq və Qərb memarlığının nadir sintezini özündə birləşdirdiyini qeyd edən Prezident milli irsin gələcək nəsillərə qüsursuz ötürülməsinin vacibliyini önə çəkdi.
Çıxışın əsas xətlərindən biri də Azərbaycanın qarşısında duran böyük miqyaslı quruculuq və bərpa vəzifələri ilə bağlı idi. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma prosesi cəsarətli şəhərsalma siyasətinin bariz nümunəsi kimi təqdim olundu. Bildirildi ki, dağıdılmış infrastrukturun qısa müddətdə yenidən qurulması, yeni yaşayış məntəqələrinin salınması və müasir şəhər modelinin tətbiqi dövlətin riskləri qəbul edərək irəliyə doğru atdığı addımlardır.
Burada "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma təkcə fiziki bərpanı deyil, həm də tamamilə yeni idarəetmə və yaşayış modelinin qurulmasını nəzərdə tutur. Yollar, enerji sistemləri, rəqəmsal idarəetmə mexanizmləri və sosial infrastruktur bir-biri ilə inteqrasiya olunmuş şəkildə planlaşdırılır.
Azərbaycan Prezidenti çıxışında dedi: "Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub". Bir sözlə, Azərbaycanın azad edilmiş torpaqlarında, Qarabağ və Şərqi Zəngəzurda aparılan görünməmiş yenidənqurma işləri bu gün dünya tərəfindən heyranlıqla qarşılanır. 30 illik işğal dövründə tamamilə dağıdılmış, Ağdam və digər şəhərlərimiz sıfırdan, XXI əsrin ən müasir standartları ilə yenidən qurulur. Ölkəmiz dünyaya tamamilə fərqli bir bərpa modeli təqdim edir, yəni keçmiş məcburi köçkünlərin qayıtdığı şəhər və kəndlər ekoloji dayanıqlığın, alternativ enerjinin və smart texnologiyaların tətbiq edildiyi ideal yaşayış məskənlərinə çevrilir. WUF13 platforması Azərbaycanın bu unikal təcrübəsini - münaqişələrdən zərər çəkmiş regionların sürətli bərpa metodologiyasını dün-yaya yaymaq üçün mühüm imkandır.
2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda - uzun illər işğal altında olmuş şəhərlərdə - Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumu keçirilib. Bu forumlar sübut etdi ki, Azərbaycanın post- münaqişə bərpa təcrübəsi dünyada münaqişələrdən və təbii fəlakətlərdən əziyyət çəkən digər regionlar üçün universal nümunə rolu oynaya bilər.
Bu gün Azərbaycan şəhərsalma siyasəti ilə regionda yeni standartlar müəyyənləşdirir. Prezident İlham Əliyevin WUF13-də səsləndirdiyi fikirlər Azərbaycanın şəhərsalma siyasətinin əsas prioritetlərini və gələcək hədəflərini aydın şəkildə ortaya qoyur. Çıxışda dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik, müasir infrastrukturun qurulması və insanların rahat yaşayışının təmin olunması kimi məsələlər xüsusi vurğulanmış və Azərbaycanın gələcəyin şəhərlərini quran ölkə statusunu möhkəmləndirmişdir.
Heç şübhəsiz, Bakı forumu çərçivəsində aparılan müzakirələr bəşəriyyətin daha təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərdə yaşaması üçün mühüm bir dönüş nöqtəsi olacaqdır.

Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.



Seçilən
13
1
aia.az

2Mənbələr