AZ

“Xalq qəzeti” Dünya Bankının pavilyonunda

Ümumdünya Şəhərsalma Forumunun 4-cü günündə Dünya Bankının pavilyonuna baş çəkdik. Burada Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister ilə həmsöhbət olduq. Müsahibə zamanı Azərbaycanda həyata keçirilən layihələr, şəhərsalma və dayanıqlı inkişaf istiqamətində əməkdaşlıq, bərpaolunan enerji, məşğulluq və nəqliyyat sahələrində gələcək planlar barədə ətraflı məlumat əldə etdik. Stefanie Stallmeister həmçinin Bakının özünəməxsus ab-havasından, şəhərin tarixi ilə müasirliyi birləşdirən memarlığından və paytaxtda yaşamağın ona bəxş etdiyi hisslərdən söz açdı.

– WUF13 Dünya Bankı hansı çağırışları ilə əməkdaşlığa yeni meydan açır?

– Əlbəttə, WUF13 bütün ölkələri və çoxsaylı maraqlı tərəfləri bir araya gətirən çox vacib qlobal platformadır. Bu forum şəhərsalma, mənzil siyasəti, dayanıqlı inkişaf və urbanizasiya ilə bağlı çağırışların müzakirə edilməsi üçün böyük imkan yaradır. Burada hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor nümayəndələri və ekspertlər bir araya gələrək təcrübə mübadiləsi aparırlar.

Biz də Dünya Bankı olaraq Azərbaycan hökuməti ilə şəhər inkişafı gündəliyi çərçivəsində əməkdaşlıq edirik. Xüsusilə tullantıların idarə olunması, şəhər mobilliyi və dayanıqlı urban inkişaf kimi istiqamətlərdə birgə layihələr həyata keçiririk. Məqsədimiz insanların gündəlik həyat keyfiyyətini yaxşılaşdırmaq, şəhərləri daha yaşıl, təhlükəsiz və rahat etməkdir. Hesab edirik ki, belə beynəlxalq tədbirlər həm yeni tərəfdaşlıqlar qurmaq, həm də Azərbaycanın şəhər inkişafı sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

– Azərbaycanda fəaliyyət istiqamətlərinizin genişlənməsi məmnunluq doğurur…

– Biz fəaliyyətimizi Azərbaycan hökuməti ilə birlikdə hazırladığımız strateji çərçivə əsasında qururuq. Hazırda əsas diqqət yetirdiyimiz sahələrdən biri enerji sektorudur. Xüsusilə bərpaolunan enerji potensialının artırılması bizim üçün prioritet istiqamətlərdəndir. Azərbaycan zəngin enerji resurslarına malik ölkədir və biz düşünürük ki, “yaşıl enerji” sahəsində böyük imkanlar mövcuddur.

Bununla yanaşı, məşğulluq və insan kapitalının inkişafı da fəaliyyətimizin mühüm hissəsidir. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məşğulluğa dəstək proqramı həyata keçiririk. Məqsəd insanlara yeni bacarıqlar qazandırmaq, əmək bazarına inteqrasiyanı gücləndirmək və daha inklüziv iqtisadi inkişafı dəstəkləməkdir.

Biz yalnız iqtisadi göstəricilərə deyil, insanların rifahına təsir edən layihələrə də fokuslanırıq. Ona görə də sosial müdafiə, infrastruktur və dayanıqlı inkişaf istiqamətləri də bizim gündəliyimizdə mühüm yer tutur.

– Gələcəkdə hansı yeni layihələrin həyata keçirilməsini nəzərdə tutursunuz?

– Hazırda davam edən layihələr bizim üçün çox önəmlidir və onların nəticələrinin uzunmüddətli təsir yaradacağına inanırıq. Bununla yanaşı, gələcəkdə əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik. Xüsusilə şəhərsalma, nəqliyyat infrastrukturu və enerji sahələrində yeni layihələrin hazırlanması üzərində düşünürük.

Məsələn, şəhər nəqliyyatının daha əlçatan və ekoloji baxımdan dayanıqlı olması istiqamətində təşəbbüslər böyük əhəmiyyət daşıyır. Eyni zamanda, enerji səmərəliliyi və yaşıl keçid sahəsində də yeni əməkdaşlıq imkanlarını araşdırırıq. Biz inanırıq ki, bu layihələr Azərbaycanın davamlı inkişaf məqsədlərinə çatmasına və vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.

– Bakının gələcəyini necə görmək istərdiniz?

– Mən Bakıda yaşayıram və bu şəhəri həqiqətən çox sevirəm. Paytaxtınız çox maraqlı və özünəməxsus atmosferə malik şəhərdir. Burada tarix və müasirlik bir araya gəlir. Şəhərin memarlığında həm neft bumu dövrünün izlərini, həm sovet dövrünün üslubunu, həm də ultramüasir memarlıq nümunələrini görmək mümkündür. Bundan başqa, Bakı çox təhlükəsiz və təmiz şəhərdir. İnsanlar olduqca qonaqpərvərdir və bu da şəhərdə yaşamağı daha rahat edir.

Məncə, Bakının ən böyük üstünlüklərindən biri onun həm dinamik, həm də rahat həyat tərzini birləşdirməsidir. Mən xüsusilə bazar səhərləri bulvar boyunca gəzməyi çox sevirəm. Xəzərin sahilində gəzmək insana xüsusi rahatlıq verir və şəhərin enerjisini hiss etməyə imkan yaradır. Axşamlar isə İçərişəhərdə vaxt keçirməkdən zövq alıram. Oranın tarixi atmosferi, dar küçələri və restoranları çox xüsusi mühit yaradır.

Müsahibəni apardı:
Nurlan ABDALOV
XQ

Seçilən
15
xalqqazeti.az

1Mənbələr